Yeni baş məşqçi axtarışında olan "Mançester Yunayted" rəhbərliyinin çalışdırıcının qarşısına qoyacağı əsas tələb müəyyənləşib. Sport24.az xəbər verir ki, bu haqda "The Telegraph" məlumat yayıb.

 

İngiltərə nəhəngi yeni baş məşqçidən ilk növbədə klub daxilində və ətrafında olan yüksək təzyiqin öhdəsindən gəlməyi tələb edəcək. "Mançester Yunayted" hesab edir ki, sabiq baş məşqçi Ruben Amorim üzərində olan diqqət və təzyiqlə hər zaman lazımi səviyyədə mübarizə apara bilməyib. Bu səbəbdən rəhbərlik komandada Amorimdən tamamilə fərqli tipdə mütəxəssisə ehtiyac olduğunu düşünür.

 

Bildirilib ki, "qırmızı şeytanlar" yeni baş məşqçi ilə bağlı qərar vermək üçün kifayət qədər vaxtlarının olduğunu düşünürlər. Həmçinin bu seçimi düzgün etmək üçün klub daxilində xüsusi strukturun yaradıldığı qeyd olunur.

 

Xatırladaq ki, Ruben Amorim 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilədək "Mançester Yunayted"in baş məşqçisi olub. Yanvarın 13-də isə klub müqvəqqəti olaraq - mövsümün sonunadək komandanın başına Maykl Kerrikin gətirildiyini rəsmən açıqlayıb.