Keçmiş hücumameyilli yarımmüdafiəçi Dimitri Payet 38 yaşında peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, "Marsel", "Sent-Etyen", "Vest Hem" və Fransa millisinin formasını geyinən futbolçu bu açıqlamanı Liqa 1-in 27-ci turunda "Stade Velodrome" stadionunda keçirilən "Marsel" - "Lill" (1-2) keçirilən oyunun fasiləsində verib:

 

"39 yaşım tamam olmamışdan əvvəl peşəkar futboldan təqaüdə çıxmaq barədə son qərarımı verdim. Uşaq vaxtı bu səviyyəyə çatmağı xəyal edirdim və təxminən iyirmi il yüksək liqa futbolunda keçirməyi bacardım. Milli komandanın rənglərini qorudum - bu, inanılmaz bir səyahət idi.

Bunu burada demək mənim üçün xüsusilə vacibdir. Burada özümü həmişə evdəki kimi hiss etmişəm. İndi həyatımın bir mərhələsi bitir və yenisi başlayır.

Hələ də oynamağa davam etmək istəyim var, amma 39 yaşımda bədənim əvvəlki kimi deyil. Müasir futbolun tələbləri çox yüksəkdir. Bütün gücümü verə bilmədiyim layihənin bir hissəsi olmaq istəmirdim. Buna görə də ləyaqətlə ayrılmağa qərar verdim. Bundan əlavə, Marsellə oynamaq mənim üçün emosional olaraq olduqca çətin olardı".

 

Qeyd edək ki, fransız futbolçunun son klubu ötən yay ayrıldığı "Vasko da Qama" olub. O vaxtdan komandasız qalıb.