FİFA-nın keçmiş prezidenti Zepp Blatter, prezident Donald Trampın və onun administrasiyasının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə davranışlarını əsas gətirərək, ABŞ-da ev sahibliyi edəcək DÇ-2026-nı boykot edilməsi çağırışlarını dəstəkləyib. Sport24.az xəbər verir ki, sabiq funksioner "X" sosial media platformasında FİFA-nın İslahatları üzrə Müstəqil Nəzarət Komitəsinin sabiq rəhbəri Mark Pietin İsveçrənin "Der Brund" nəşrinə verdiyi müsahibədə səsləndirdiyi fikirləri dəstəkləyib.
Piet müsahibəsində isə "müzakirə etdiyimiz hər şeyi nəzərə alsaq, azarkeşlərə yalnız bir məsləhət var: ABŞ-a səyahət etməyin! Hər halda, matçı televiziyada izləmək daha yaxşı olar. Azarkeşlər bilməlidirlər ki, əgər ABŞ rəsmilərinin tələblərini yerinə yetirməsələr, dərhal növbəti uçuşla geri göndəriləcəklər" söyləyərək, azarkeşləri ABŞ yollanmamağa çağırıb.
Blatter də Pietlə həmfikir olsuğunu vurğulayıb:
"Düşünürəm ki, Mark Piet bu dünya çempionatını şübhə altına almaqda haqlıdır".
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.