"Bavariya"nın Müşahidə Şurasının üzvü Uli Höness komandanın cari mövsümdəki çıxışı barədə danışıb. Sport24.az xəbər verir ki, klub rəsmisi baş məşqçi Vinsent Kompaninin işindən razı qaldıqlarını bildirib:
"Əlbəttə, gördüklərimizdən çox razıyıq. Mən həmişə demişəm ki, əgər sənə tam şəkildə məmnunluq verən bir komandan varsa, tribunada nəhayət rahatlayıb istirahət edə bilirsən. Əvvəllər 80-ci dəqiqədə oyunun tezliklə bitəcəyinə ümid edirdik. İndi isə deyirik ki, ümid edirəm, daha uzun oynayarlar, çünki bu çox həyəcanvericidir. Futbolçular zövq alırlar. Azarkeşlər də oyundan həzz alır. Biz tribunada əylənirik. Bu, əslində ideal modeldir. Biz "Bavariya"nı məhz belə görmək istəyirik. Kompani sələflərinə nisbətən bir neçə üstünlüyə malikdir. Digər məşqçilər həmişə jurnalistlər üçün müzakirə mövzuları yaradırdı. Onunla isə hər şey fərqlidir. Çünki o, futbol haqqında danışmaq istəyir. Bu, "Bavariya" üçün çox yaxşıdır".
Qeyd edək ki, "Bavariya" bu mövsüm bütün turnirlərdə keçirdiyi 17 oyunun 16-da qalib gəlib, 1 görüşdə isə heç-heçə edib.