"Yuventus" "Arsenal"ın iki futbolçusunu heyətinə qata bilər. Turinlilər yayda Qabriel Jesus və Jorjinyonun transferi ilə məşğul olacaq.

Sport24.az xəbər verir ki, sözügedən oyunçularla bağlı durum fərqlidir. İtaliya millisinin şərəfini qoruyan Jorjinyo özü A Seriyasına can atır. Əslən braziliyalı yarımmüdafiəçi, İngiltərədə istədiyi qədər oyun vaxtı ala bilmir. Bu səbəbdən o özü xidmətini menecerləri vasitəsi ilə "Yuventus"a təklif edib.

"Tuttosport"un yazdığına görə, "Arsenal" futbolçu ilə müqavilənin müddətini uzatmaq istəmir. 32 yaşlı oyunçu bu səbəbdən il yarım oynadığı London klubunu azad agent kimi tərk edəcək. Onun vaxtilə "Verona" və "Napoli"nin heyətində A Seriyasında 7 mövsüm keçirdiyini xatırladaq.

Jesusu isə "Yuventus" özü istəyir. Turinlilər "Arsenal"la 2027-ci ilin yayınadək müqaviləsi olan braziliyalı üçün 52 milyon avro ödəməyə razıdır. İngiltərə klubu 27 yaşlı hücumçunu iki il öncə "Mançester Siti"dən elə bu məbləğə transfer etmişdi.