14 iyun 2026-cı il tarixində Quba şəhərində yerləşən Milli Azərbaycan Qolf Klubunda Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi 2026 keçirilmişdir.

 

Bu yarış Azərbaycan qolf tarixində əlamətdar hadisə olmaqla, yalnız Azərbaycan qolfçularının iştirakı ilə keçirilən ilk rəsmi ölkədaxili qolf çempionatı və ölkə birinciliyi kimi tarixə düşmüşdür. Turnirin əsas məqsədi ölkədə qolf idman növünün inkişafına töhfə vermək, yerli idmançıların peşəkar səviyyəsinin yüksəldilməsini təşviq etmək, sağlam rəqabət mühitini formalaşdırmaq və yeni istedadların üzə çıxarılmasına şərait yaratmaq olmuşdur.

 

Çempionatın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Açılış mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov iştirakçıları salamlamış, onlara uğurlar arzulamış və yarışın ölkədə qolfun inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.

 

Yarışda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən qolfçular iştirak etmiş, yüksək idman ustalığı, peşəkarlıq və fair-play prinsiplərinə sadiqlik nümayiş etdirmişlər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnir iştirakçılar, qonaqlar və qolf həvəskarları tərəfindən böyük maraqla qarşılanmışdır.

 

Yarışın yekun nəticələrinə əsasən:

 

🥇 I yer – Gülnarə Əsədova
🥈 II yer – Emin Rzayev
🥉 III yer – Eldar Kərimov

Gülnarə Əsədova ümumi sıralamada birinci yerə layiq görülərək Azərbaycan qolf tarixində ölkə çempionu adına sahib olan ilk qadın qolfçu kimi tarixə düşmüşdür. Onun bu uğuru ölkədə qadınların idmanda iştirakının təşviqi və qolfun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Turnirdə göstərdiyi yüksək nəticələrə görə Gülnarə Əsədova Azərbaycan milli qolf komandasının heyətinə daxil edilmişdir. Bu qərar onun gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək potensialının yüksək qiymətləndirilməsinin göstəricisidir.

 

Xüsusi nominasiyalar üzrə qaliblər də mükafatlandırılmışdır:

 

🏆 Best Gross Winner – Emin Rzayev
🏆 Longest Drive Winner – Amir Kərimov
🏆 Nearest the Pin Winner – Emin Rzayev
🏆 Nearest the Pin Winner – Gülnarə Əsədova

Yarışın keçirilməsində göstərdikləri dəstəyə görə sponsorlar — Sarda Group, Electrify Azerbaijan, Azerbaijan Energy Automotive Factory, Azergold, Lexus Bakı və Milli Azərbaycan Qolf Klubuna təşəkkürümüzü bildiririk. Sponsorların dəstəyi yarışın yüksək təşkilati səviyyədə keçirilməsinə mühüm töhfə vermişdir.

 

Yarışın sonunda qaliblər və mükafatçılar kubok, medal və diplomlarla təltif olunmuşlar. İştirakçılar üçün xüsusi hədiyyələr Milli Azərbaycan Qolf Klubu və Lexus Bakı tərəfindən təqdim edilmiş, mükafatlar Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzov və Federasiyanın vitse-prezidenti Anar Əzimov tərəfindən qaliblərə təqdim olunmuşdur.

 

Azərbaycan Qolf Federasiyası ölkədə qolf idman növünün inkişafı, yeni idmançıların hazırlanması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.