Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının final qarşılaşmaları, XXII turun son oyunları və mükafatlandırma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, günün açılış görüşündə "Elit" və "Sərhədçi" çövkən komandaları qarşılaşıb.

 

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Elit" komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.

 

Bu nəticə ilə "Elit" komandası turniri 54 xalla ikinci sırada tamamlamışdır. Liqa boyunca stabil çıxışı ilə fərqlənən "Sərhədçi" komandası isə ümumilikdə topladığı 57 xalla Peşəkar Çövkən Liqasının qalibi olmuşdur. "Polad" çövkən komandası isə 53 xal toplayaraq üçüncü yerin sahibi adını qazanıb.

 

Final oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və vitse-prezident Cavid Abdullayev komandaların heyətlərinə diplomlar, medallar və birinci yerin qalibinə Kubok təqdim edib.

 

Mərasimin sonunda Federasiyanın İdarə Heyətinin üzvləri qalib komanda ilə birlikdə xatirə fotosu çəkdirib.