Rusiyada hərbi səfərbərliyə cəlb olunaraq döyüşə göndərilən keniyalı idmançı Ukraynada əsir düşüb. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 57-ci Piyada Briqadasının ötən həftə yayımladığı videoda 36 yaşlı qaçıcı Evans Kibetin Rusiyaya qaytarılmamaq üçün yalvardığı görünür.
Kibetin sözlərinə görə, o, Rusiyaya yarışda iştirak üçün yollanıb. Yarışdan sonra isə qaldığı hotelin meneceri ona Rusiyada qalıb işləməyi təklif edib. Razılaşan və menecerin verdiyi, rusca yazılan sənədə imza atan Kibeti az sonra hərbi maşında cəbhəyə aparıblar. Kibets videoda telefon və pasportunun da hotel meneceri tərəfindən götürüldüyünü deyir.
İdmançı maşınla 7 saat yol getdikdən sonra özünü hərbi düşərgədə görüb. Burada ona deyilib ki, döyüşməyəcəyi halda, onu öldürəcəklər. O deyir ki, bundan sonra bir həftəlik ilkin təlim keçirilib, ona sadəcə avtomat silahdan necə istifadə etməyi öyrədiblər. Komandirlərindən heç biri ingilis dilini bilmədiyi üçün göstərişlər jestlərlə verilib.
Kibet israr edir ki, heç vaxt döyüşə girməyib və ilk tapşırığına gedərkən avadanlıqlarını ataraq qaçıb. İki gün Ukraynanın şimal-şərqində, Xarkov vilayətinin Vovçansk yaxınlığındakı meşədə dolaşıb.
Sonra o, ukraynalı əsgərləri görərək onlara yaxınlaşıb və təslim olub: "Dedim ki, mən Keniya vətəndaşıyam, zəhmət olmasa məni vurmayın. Hamı silahını mənə tuşladı, amma mən onlara sakitləşmələrini söylədim. Komandir gəldi, mənim əllərimi bağladılar.
"BBC"-yə danışan ailə üzvləri Kibetsin maddi baxımdan çətinlik çəkdiyini, buna görə müxtəlif ölkələrdə yarışlara getdiyini deyiblər.