"Neftçi"nin sabiq mətbuat katibi Rüstəm Allahverdiyev "İqsport" media və marketinq agentliyini yaradıb. Sport24.az xəbər verir ki, həmkarımız bu barədə özünün feysbuk hesabında paylaşım edib. Yeni yaradılan agentliyin məqsədi, fəaliyyət sahələri və hansı coğrafiyanı əhatə edəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün Rüstəm bəylə söhbətləşməyi lazım bildik.

-Əvvəlcə ondan başlayaq ki, "İqsport" lahiyəsi necə ərsəyə gəldi?
- Hələ "Neftçi"də işlədiyim vaxtlarda bu barədə düşünürdüm. Çünki bizim də karyeramız futbolçu kimidi. Bu gün burdayıq, sabah başqa yerdə. Ona görə də "ağ-qaralar"la işbirliyim nə vaxtsa bitəcəkdi. Dünyada əksər ölkələrində, o cümlədən qonşu Gürcüstanda idman sektoruyla əməkdaşlıq edən şirkətlər var. Amma bizdə yoxdu. Dedim bu sahədə Azərbaycanda mən də öz şirkətimi qurum.


- "İqsport" idmanın hansı sahələrini əhatə edəcək?
- Fəaliyyətimiz futbol daxil, bütün idman sahələrini əhatə edəcək. Həm federasiyalar, həm də klublarla əməkdaşlıq edəcəyik. Əsasən media və marketinq istiqamətində işləyəcəyik. Bundan başqa müxtəlif tədbirlərin təşkili ilə də məşğul olacağıq. Gələcəkdə isə "İqsport" layihəmiz çərçivəsində youtube kanalımız yayımlacanaq. Eləcə də ölkə idmanında media və marketinq sahəsinin inkişafı üçün zəruri tədbirlər görəcəyik. Tanınmış jurnalistlərin və ictimai xadimlərin təcrübəsindən yararlanaraq müxtəlif treninqlər təşkil edəcəyik.


- Yeni yaratdığınız agentliyin neçə əməkdaşı var?
- Vaxtilə mənimlə birgə "Neftçi"də çalışmış, sonradan klubdan ayrılan yoldaşlarla birgə işləyəcəyik. Hazırda şirkətimdə 8-9 işçi var. Təbii ki, bir qədər inkişaf etdikdən sonra əməkdaşlarımızın sayının artacağı şübhəsizdi.

 


- Agentliyin fəaliyyətini yığmanın və klubların beynəlxalq oyunları zamanı da görə biləcəyik?
- Biz daxili bazara mütləq nəzər yetirməliyik. Ölkəmiz istər Qafqazda, istərsə də MDB ölkəri arasında zəngin təbii sərvətlərə malik iqtisadi cəhətdən qüdrətli dövlətdi. Amma idman bazarında çox geri qalırıq. Baxın, dünya səviyyəsində güləşçilərimiz, cüdoçularımız, şahmatçılarımız və digər idman növləri üzrə çempionlarımız var. Amma onları brend olaraq dünyaya daha geniş miqyasda reklam edə bilməmişik. Biz böyük yarışlarda medallar qazanan idmançılarımızı karyerası ərzində tanıtdırmırıq, onlar idmandan gedən sonra tamamilə unudulurlar. Sadə bir misal götürək. Fransada keçiriləcək Olimpiya Oyunlarının startı ərəfəsindəyik, amma insanlarımızın böyük əksəriyyəti ölkəmizi mötəbər yarışda hansı idmançıların təmsil edəcəyini bilmir. Biz bu sahədə ciddi işlər görəcəyik. Təbii ki, futbol sahəsində də bütün istiqamətlər üzrə xidmətlərimiz olacaq.


- "İqsport" olaraq ancaq ölkə üzrə fəaliyyət göstərmək fikriniz var?  
- Bəli, daha çox ölkə bazarının inkişafında maraqlıyıq. Amma bu o demək deyil ki, ancaq Azərbaycan sərhədləri daxilində fəaliyyətlə kifayətlənəcəyik. Məqsədimiz Azərbaycan idmanındakı brendləri dünyaya çıxarmaqdı. Həmçinin şirkətimizi Gürcüstan və Türkiyə bazarında da inkişaf etdirəcəyik.

- Sabiq komandan "Neftçi"nin çıxışı haqqında nə deyərdin? Səncə, onlar avrokuboklara vəsiqə qazana biləcək?
- "Neftçi" haqqında çox detallı danışmaq istəmirəm. Bunu zamanın ixtiyarına buraxmışam. Amma ümumi götürəndə "ağ-qaralar"ın avrokuboklara getmək şansları var. Fikrimcə, buna nail olmaq üçün əllərindən gələni edəcəklər.


- "İqsport" olaraq "ağ-qaralar"la da əməkdaşlıqda maraqlısız?
- Onlar özlərini daha peşəkar hesab edirlər. İnanmıram ki, nə mən, nə də şirkətim "Neftçi" rəhbərliyinə maraqlı olsun. Hər halda maraqlı olsaydı, klubda qalardıq. Odur ki, onlar bizim xidmətimizə ehtiyac duymurlar. Bizə yuxarıdan aşağı baxan klubla əməkdaşlıqda maraqlı deyilik. Bu vaxt itkisindən başqa bir şey deyil.


- Uzun illər müxtəlif klublarda çalışmısan və bu üzdən bu sahəni yaxşı bilirsən. Son günlər Premyer Liqada komanda sayının artırılması gündəmdədi. Necə düşnürsən buna zərurət var?
- Şirkət rəhbəri olaraq klubların sayının artması bizə sərf edir. Bu müşətəri sayının artmasıdı. Məsələyə peşəkar idman jurnalisti və sabiq klub funksioneri kimi yanaşdıqda da peşəkar səviyydə artımın tərəfdarıyam. Səhv say artırmaq, dövlət hesabına maliyyəlşən klublar olacaqsa, bunun nə çempuonatımıza, nə də futbolumuza xeyri olacaq. Gəlin müqayisə aparaq, elitada 10 komandamız var. Onlardan neçəsinin məşq etmək üçün meydanları var? Neçəsi qitəmiqyaslı yarışlarda rəqiblərini öz stadionunda qəbul edə bilir? Premyer Liqada çıxış etmək istəyən klub tam peşəkar olmalıdı. Daha 2 klubun elitada oynamasına görə 6 milyon manat vəsait tələb olunur.  Bəs həmin klublar 6 milyonun əvəzinə nə verəcək? Komandalar yalnız dövlət verdiyi 3 milyonla kifayətlənməməli, əlavə sponsorlar axtarmalı, tapmalı və inkişaf etməlidi. Qısası, klublar peşəkarlaşdıqca, idman prinsiplərinin qorunması şərti ilə komanda sayının artırılmasının tərəfdarıyam.


ABDULLA İSMAYILOĞLU