ABŞ-dən olan MMA idmançısı Çarlz Conson Bakıda azarkeşlər tərəfindən qarşılanmağını möhtəşəm adlandırıb. Sport24.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında açıqlama verib.
35 yaşlı idmançı gecə saatlarında ölkəyə gəldiyini söyləyib:
"Gecə Bakıya çatmışam. Məni bir sıra azarkeşlər qarşıladılar. Düşünürəm ki, bu, möhtəşəm idi".
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində qazaxıstanlı Asu Almabayevlə görüşəcək Ç.Conson rəqibinin güclü olduğunu söyləyib:
"Daha əvvəl də bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişəm. Qazaxıstanın idmançılarına hörmətlə yanaşıram. Onların döyüşçülərinə rəğbətim var".
O, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
"Yeməklərinizin dadına baxa bilməmişəm. Döyüşdən sonra bunu edəcəyəm. Bakıdakı insanlar çox mehribandır. Şəhəriniz də səliqəli və gözəldir".
Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.