Çinin Sindao şəhərində keçirilən Qran-pridə qızıl medal qazanan azərbaycanlı cüdoçu Zelim Tçkayev qələbədən sonra emosiyalarını bölüşüb və gələcək hədəflərindən danışıb. Sport24.az xəbər verir ki, turnirin qalibi uğurda məşqçilər korpusu ilə birgə aparılan ciddi hazırlığın əsas rol oynadığını qeyd edib.
"Məşqçilərlə birlikdə dəqiq plan hazırladıq. Bu plan finala əla psixoloji və fiziki formada yaxınlaşmağıma kömək etdi. Çəki dərəcəmdə Hidayət Heydərov kimi güclü komanda yoldaşının çıxış etməsi də məni çox motivasiya edir. Onunla rəqabət məni yalnız daha güclü edir", - deyə Tçkayev Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidmətinə açıqlamasında bildirib.
İdmançının sözlərinə görə, qarşıda 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunları olsa da, hazırda bütün fikri Bakıda təşkil olunacaq dünya çempionatı ilə bağlıdır.
"Olimpiadaya hələ çox var. Buna görə indi tam olaraq Bakıda keçiriləcək dünya çempionatına köklənmişəm. Evdə çıxış etmək mənim üçün böyük şərəfdir. Turnirin təşkilinə görə federasiyaya minnətdaram. Mən artıq üç dəfə Bakı Böyük dəbilqəsinin qalibi olmuşam. İndi isə ailəmin, dostlarımın və azarkeşlərimizin gözü qarşısında dünya çempionatının qızıl medalını qazanmaq istəyirəm", - cüdoçu vurğulayıb.
Tçkayev həmçinin hazırlığın növbəti mərhələsinin təlim-məşq toplanışları, o cümlədən Yaponiyada keçiriləcək toplanış olacağını bildirib.