"Düşünürəm ki, Kanada – Cənubi Afrika qarşılaşmasında sevinən tərəf meydan sahibləri olacaq. Kanadanın doğma meydanda sərgilədiyi oyun və heyətində yer alan keyfiyyətli futbolçular bu görüşün taleyini həll edə bilər".
Bu sözləri Sport24.az-a açıqlamasında Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin ilk oyunu olan Kanada Cənubi Afrika qarşılaşmasından gözləntilərini bölüşüb:
"Cənubi Afrikanı əvvəlki matçlarda daha struktursuz gördüm. Ancaq bu, pley-off oyunudur və belə qarşılaşmaların ab-havası tam fərqli olur. Şübhəsiz ki, Afrika təmsilçisinin də qələbə qazanmaq üçün öz planı var. Kanadanın heyətində həlledici anlarda məsuliyyəti üzərinə götürərək komandaya fayda verə biləcək kifayət qədər səviyyəli futbolçular var. Təbii ki, təcrübə də vacib amillərdən biridir. Kanada doğma azarkeşlərinin dəstəyi onlara əlavə üstünlük qazandıra bilər".
Qeyd edək ki, Kanada Cənubi Afrika matçı bu gün saat 23:00-da start götürəcək.