"Paris-2024 Yay Olimpiya Oyunlarından sonra reabilitasiyadan keçirəm. Zədələrimi sağaldıram. Artıq məşqlərə start vermişəm". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev (100 kq) yutuber Geor Andıyevə müsahibəsində deyib.
Olimpiya çempionu cüdoya necə gəldiyini açıqlayıb. O, ilk vaxtlar bu idman növünü sevmədiyini etiraf edib: "Cüdoya məni atamla qardaşım birgə gətirdi. Amma niyə sırf cüdo, bunu bilmirəm. Atam sərbəst güləşlə məşğul olub. Açıq danışsam, cüdoya marağım yox idi. Atam bu idman növündə qalmağımda böyük pay sahibi oldu. O, hər zaman məni nəzarətdə saxlayırdı. İlk yarışım respublika çempionatı oldu. Onu qazandıqdan sonra özümün də cüdoya sevgim artdı".
Kotsoyev ardınca ölkəmizə gəlişinə toxunub: "2015-ci ildə Azərbaycan millisinə gəldim. Bura gəlməyimdə Azərbaycanın sərbəst güləş yığmasının baş məşqçisi Xetaq Qazyumovun böyük rolu oldu. Atam onunla danışdı, məsləhətlər aldı. O, Azərbaycanda idmanın yaxşı inkişaf etdiyini və ora gələcəyim halda peşman olmayacağımı bildirdi. İndi mən də bura gəldiyim üçün şadam. Məni məşqçilər heyəti, federasiyanın işi çox qane edir. Azərbaycanda məni çox yaxşı qarşıladılar. Burada çoxlu dostlarım var. Bakı çox gözəldir. Yaşamaq üçün çox yaxşıdır. Mental olaraq doğulduğum yerlə oxşardır".
Zelim Paris-2024 Yay Olimpiya Oyunlarından sonra cüdonun ölkəmizdə olan statusunun yüksəldiyini də bildirib: "Olimpiadadan sonra Azərbaycanda cüdo bir nömrəli idman növüdür. Fransa paytaxtında hər 2 qızıl medal məhz bu növdə qazanıldı. Artıq regionlarda da cüdo zalları artırılır. Bu uğur böyük komanda işi idi. Necə işləmişdiksə elə də nəticə qazandıq. Baş məşqçimiz Riçard Trautmana minnətdaram. Onunla ilk gündən çox yaxşı anlaşırıq. Səhvlərimi dedi, bunun üzərində çalışdıq və nəticə də göz önündədir".
26 yaşlı cüdoçu digər Olimpiya çempionumuz Hidayət Heydərovla olan bənzərliklərindən də söz açıb: "Onunla nəticələrim hər zaman üst-üstə düşür. O uduzanda, uduzuram udanda isə qalib gəlirəm. Bu il ikimiz də dünya çempionu olduq. Hidayət Olimpiya Oyunlarında da birinci olduqdan sonra mən də qalib gələcəyimlə bağlı heç kimdə şübhə yox idi. Hidayətin qələbəsi mənə motivasiya oldu. İkimizdə də qələbə ruhu var. Onunla yaxşı münasibətim var. Çox yaxşı, təmiz insandır. Bir-birimizə dəstək oluruq və hamıdan da çox məşq edirik".
Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də tarixinin ən yaxşı nəticəsinə imza atıb.