Aprelin 25-də saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olub.

Sport24.az xəbər verir ki, Göygöl rayon prokurorluğu məsələ ilə bağlı açıqlama verib. Açıqlamada qeyd olunur ki, aparılmış araşdırmalar nəticəsində cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət etmiş, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib. (APA)