"Zirə"nin futbolçusu Eren Aydın Estoniyanın "Payde" komandası ilə heç-heçə etdikləri (1:1) UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir:
– Hesabı erkən açsanız da, matç heç-heçə başa çatdı. Qarşılaşma haqqında nə deyə bilərsiniz?
– Futbolun bu yönü çox pisdir. Çox qol epizodu yaratdıq. Şanslardan istifadə edə bilmədik. İki dəfə top dirəkdən qayıtdı. Bu gün top qapıya girmək istəmədi. İlk oyunda da eyni ssenari idi. Top dirəkdən qayıtdı, qaçan epizodlarımız oldu. Çox yaxşı oyun sərgilədik. Amma Allah belə nəsib edib. Edəcəyimiz bir şey yoxdur. Çempionata köklənməliyik.
– "Turan Tovuz"un yerinə avrokuboklarda iştirak etdiniz. Hazırlıqsız yaxalandığınızı demək olar?
– Əslində, bir az elə idi. Amma təlim-məşq toplanışını yaxşı keçirdik. Çox yaxşı futbol oynadıq. Qismət olmadı. Növbəti matçlara köklənməliyik.
– Əvəzlənməyiniz nə ilə bağlı idi?
– Baş məşqçinin qərarı idi. Bir az da yorğun idim. Rəqibin qapıya iki zərbəsi oldu, biri qolla nəticələndi. Biz çox yaxşı oyun göstərdik. Məğlubiyyətə layiq deyildik. Rəqibi təbrik edirəm. Gücləri çatan qədər mübarizə apardılar. Bunun sayəsində turu keçdilər. Onlara uğurlar arzulayıram.
– Qarşılaşmanın sonunda top rəqibin əlinə dəysə də, hakim penalti təyin etmədi. İdarəçilikdən razısınız?
– Oyun ərzində lazımsız yerə cərimələr təyin etdiyini düşünürəm. Hər toxunuşda cərimə zərbəsi verirdi. Top dirəyə dəydiyi üçün əllə oyunu görmədi. Biz ehtiyat oyunçular skamyasında bunu gördük. VAR olmadığı üçün penalti təyin edilmədi. Hakimin qərarına hörmət etmək lazımdır.
– İki həftə sonra Premyer Liqa başlayır. Konfrans Liqası ilə vidalaşmaq sizə psixoloji təsir edəcək?
– Hamımız məyusuq. Çünki bu raundu keçəcəyimizi hiss edirdik. Bizdən daha yaxşı olmayan komanda ilə üz-üzə gəlmişdik. Amma futbolda belə hallar olur. İki həftə ərzində yaxşı hazırlaşmalıyıq. Bu mövsüm ilk "3-lüy"ü hədəfləməliyik.
– Dirəyə dəyən top qol olsaydı, hər şey fərqli ola bilərdi?
– Mən ilk növbədə qol olduğunu düşündüm. Amma top içəri girmədi. İlk hissədə bir neçə epizodumuz var idi. Vura bilmədik. Alınmadı. Məyusuq.