"Həmişə demişəm ki, "Neftçi" yaxşı oyunla qələbə qazansa, daha yaxşı olar. Amma sizin sayta verdiyim əvvəlki açıqlamada da demişdim ki, hazırda "Neftçi"nin oyunu xoşuma gəlmir". Bu sözləri Sport24.az-a açıqlamasında təcrübəli futbol mütəxəssisi Yunis Hüseynov deyib.

Misli Premyer Liqasının XXII turunda Qəbələdə keçirilən "Qəbələ" - "Neftçi" oyunundan danışan Hüseynov bərabər pyun keçdiyini vurğulayıb:  "Əfsuslar olsun ki, Qəbələdə maraqlı, "Neftçi"yə yaraşan oyun görmədik. Hər iki tərəfin real qol şansları oldu. Buna baxmayaraq, deyərdim ki, "Neftçi" Qəbələdə xal itirdi. Təəssüflənirəm ki, "Neftçi" son zamanlarda bu cür oyun göstərir".

58 yaşlı mütəxəssisin fikrincə, yeni qoşulan legionerlər də "Neftçi"yə hələ məzmunlu oyunla xeyir verə bilmir: "Təki mən səhv edim, amma "Neftçi" ilə yaxşı yerlər uğrunda mübarizə aparacaq oyunçular deyil"

Həmsöhbətimiz VAR-ın ləğv etdiyi "Qəbələ"nin penaltisinə də toxunub: "Düşünürəm ki, hakim tam doğru qərar verdi. Penalti epizodu deyildi".

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu 0:0 hesabı ilə başa çatıb.