Milli komandamız AVRO-2024-də seçmə mərhələni ağır məğlubiyyətlə başa vurdu. Belə ki, Canni de Byazinin komandası Brüsseldə Belçika yığmasına 0:5 hesabıyla yenildi. "Mütəxəssis rəyi" rubrikamızın budəfəki qonağı olan millimizin sabiq futbolçusu Vidadi Rzayev həm son görüşlə, həm də bir sıra məqamlarla bağlı fikirlərini bölüşüb.
- Belçika ilə son matç yadınızda necə qaldı?
- Əsas yadımda qalan odur ki, qırmızı vərəqədən sonra komandamız ümumiyyətlə, arxaya "oturdu". Buna bariz nümunə topa sahib olmada faiz nisbətində aşkar fərqin olmasıdı. Yəni, statistka hər şeyi göstərir, üstünlük tam onların tərəfində idi.
- "Qırmısı" olmasaydı, uduzmayacaqdıq ki?
- Böyük hesablı olacağını deyə bilmərəm, amma belə də məğlub olacaqdıq. Onlar meydana elə çıxmışdılar ki, elə bil sonuncu oyunlarıdı. Sanki final matçı idi. Görüşün axırlarında topu tez götürüb oyuna daxil edir, qapıçıları tez hücumları başlayırdı.
- Millimizin 31 illik tarixində heç bir futbolçu bizə bir oyunda 4 qol vurmamışdı. Dayandıra bilmədiyimiz Romelu Lukaku bunu bacardı...
- Elə dərd orasıdı kİ. Lukakunu saxlaya bilmədilər (gülür). Nəticədə 5 qolun 4-nü bu hücumçu vurdu. Əslində, Belçika 4:0-dan sonra ikinci hissədə elə də oynamadı. Düzdür, dediyim kimi tələsirdilər, yenə qol vurmaq istəyirdilər. Bəzi epizodlarda topu bir-birlərinə ötürməyərək paxıllıq da edirdilər. Bir sözlə, çox rahat oynadılar. 11 nəfərlə də oynasaydı belə, millimiz uduzacaqdı. Sadəcə, bu, böyük hesabla olacaqdı, ya yox...Məğlubiyyət məğlubiyyətdi də, nə deyək.
- Millimizi çətin vəziyyətdə qoyan yarımmüdafiəçi Eddi İsrafilovun 4 dəqiqəyə aldığı 2 sarı vərəqəni necə şərh edərdiniz? Oyun epizodları idi, yoxsa...?
- Oyun epizodu olsa da, olmasa da, belə qısa müddətdə 2 sarı vərəqə almaq əlbəttə ki, yolverilməzdi. Bununla da o, komandanı zərbə altına qoydu. Özü də elə bir matçda. Amma onu heç bir baş məşqçi gözləməzdi ki, futbolçusu qısa müddətdə dalbadal "sarı"lar alacaq. Mənə elə gəlir ki, Coşqun Diniyev Eddinin yerinə oynasaydı, daha yaxşı olardı. Çünki İsrafilov çempionatda da oynamır axı, zədədən yeni qayıdıb. Özü bilər kimi, necə oynadır, sadəcə, deməyim odur ki, dəyişikliyə ehtiyac yox idi. Ümumiyyətlə, de Byazinin səhvləri çoxdu. İndi hamı deyir ki, o, getməlidi. Məsələ ondadı ki, de Byazi müqavilə imzalayandan 1 həftə sonra müsahibə vermişdim və onda bu məşqçinin bizə lazım olmadığını söyləmişdim. İndi onun lazım olmadığını deyənlər o vaxt da deməli idilər.
- De Byazinin fəaliyyətində sizi əsas narazı salan məqamlar hansılardı?
- Onun məşqçilik işinə, təcrübəsinə şübhəm yoxdu. Neçə illərin məşqçisidi, ona heç kimin şübhəsi yoxdu. Sadəcə, bizə bu dəqiqə kənardan gələn əcnəbi məşqçi yaramır - kimliyindən asılı olmayaraq. Yerli mütəxəssis də millinin baş məşqçisi olsa, hələ ki nəticə olmayacaq. Bunu doğrudanmı başa düşmürlər? Yaxşı yadımdadı, de Byazi gələndə Premyer Liqamızda 8 komanda vardı. Komanda sayını artırmırdılar ki, maliyyəmiz yoxdu. Mən də dedim ki, maliyyə nə təhər yoxdu bu qədər əcnəbi məşqçi gətirib 3 milyon veririsiniz.... O pulu ayırın 2 komandaya, qoy Premyer Liqada çıxış etsinlər. Komanda sayını artırın.
- Bundan sonra millimizin baş məşqçi kim olsun? Konkret namizədiniz varmı?
- Vallah, demək mənə yaraşmaz ki, filankəs olsun. Sadəcə, çoxdan demişəm ki, bizə əcnəbi mütəxəssis lazım deyil - yerli, yerli və bir daha yerli məşqçi. Kimi istəyirlər qoysunlar. Bir sözüm var kİ, PRO kateqoriyası olanın buynuzu, qulağı olmur. Kənardan gələnin də PRO-su var, burda olanın da. Hamısı eyni kateqoriyaya malikdi. Bizimkilərdən də belələri varsa, qoyun onlar işləsin də.
- De Byazinin Brüsseldə oyunsonrası mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir etməsindən də xəbərdar olarsınız...
- O. bunadək də bir dəfə belə səhv eləmişdi. Jurnalistə bunu deməyin özü axmaqlıqdı. Jurnalistin qələməni qırmaq olmaz! Əksinə, mətbuat nümayəndələri ilə səmimi olmaq lazımdı. Tənqid edirlər, alqışlayıram elə jurnalistlətləri. Çünki tənqid olmayan yerdə inkişaf olmur. Təhqir yox ha, tənqid edəni. Hərənin öz fikri var, hər birinə hörmətlə yanaşıram. Misal üçün junalist yazır ki, de Byazi lazım olmayan oyunu uddu, Düz yazır, mən də o fikirdəyəm. Mənim də fikrilərim onu yazın media işçiləriylə üst-üstə düşür ki, lazım olmayan oyunları udursan, lazım olanda isə uduzursan. Belə olmur axı..
MEHMAN SÜLEYMANOV