Veteran futbolçu Vidadi Rzayev Sport24.az-a müsahibə verib.
- Tərlan Əhmədov müsahibəsində Azərbaycan futbolunda yerli məşqçilərə qarşı "soyqırım" getdiyini bildirib. Siz necə düşünürsünüz?
- Tərlan Əhmədov bizim adımızı çəkibsə, sağ olsun. Niyə işsizik? Bunu klub rəhbərlərindən soruşun. Oxuduq, kateqoriya aldıq. AFFA-nın həmin dönəmdəki rəhbərliyi Tərlan Əhmədov, Nazim Süleymanov, Mahmud Qurbanov, Arif Əsədov, Samir Ələkbərov kimi mütəxəssislərin üzərindən xətt çəkdi. Futbolun inkişafını fikirləşdiyimiz üçün danışdıq, bizi yaxın qoymadılar. Kişi kimi futbol oynadıq, məşqçi işlədik. Buna baxmayaraq işləməyə imkan vermədilər. Tərlan Əhmədovun sözlərinə qatılıram.
- Ötən gün U-21 millimiz Cəbəllütariqə 1:0 hesab ilə qalib gəldi. Oyunu necə şərh edərdiniz?
- 10-15 il əvvəl müsahibələrimi ortaya çıxartsanız, hamısını demişəm. Azərbaycan futbolu uçurumdadı. Mən yerli mütəxəssislərin işləməsini istəyirəm. Legioner məşqçi gətirib milyonlar xərcləməsinlər. Həmin pulu uşaq futbolunun inkişafına həsr etsinlər. U-21-in Cəbəllütariqə qalib gəlib. Komandanı təbrik edirəm. Amma onlara qarşı gəzə-gəzə qalib gəlməliyik. Necə ki, bizə qarşı Çexiya və Portuqaliya bunu edir.
- Əsas milli komandamız İslandiya və Fransaya məğlub oldu. Ayxan Abbasov İslandiya ilə oyunda müdafiə futbolu oynatdığı üçün tənqid olunur...
- Ayxan Abbasova uğurlar arzu edirəm. Fransa ilə oyundan sonra Şahruddin Məhəmmədəliyev dedi ki, tunelin sonunda işıq görünmür. İslandiya ilə oyunda statistika baxanda rəqibin nə qədər üstün olduğunu gördük. İkinci hissədə şanslarımız oldu, 0:2-dən sonra nəyisə dəyişmək mümkün görünmürdü. İslandlar məni çox təəccübləndirdi. Rahat futbol oynayırdılar. Fransa ilə qarşılaşmadan isə danışmağa dəyməz. Onların gücü hər kəsə bəllidir. Qarşıda Millətlər Liqasının oyunları gəlir. Ordakı rəqibimiz Maltanın Finlandiyaya qarşı matçını izlədim. Malta normal futbol oynayır. Hamı inkişaf edir, bizdən başqa.
- Cari mövsümdə legioner limiti ləğv olunub. Çempionatda hansısa dəyişiklik hiss edirsiz?
- Legioner limiti ləğv olundu. Mən qəti əleyhinə idim. Demişdim ki, getsinlər Birinci Liqadan milliyə futbolçu axtarsınlar. Premyer Liqada oynayan yığma üzvləri komandalarında ehtiyatda oturur. Klublar lazımsız legionerlər gətirib. Uzağa getməyək, "Kəpəz"i nümunə götürək. 12 legioner gətiriblər, indi də göndərirlər ki, yararsızdılar. Olmazdı yerli futbolçulara üstünlük verərdilər? Heç olmasa, təcrübə toplayardılar.
- Misli Premyer Liqasının ilk dövrəsi başa çatdı. Hansı komandalar sizi təəccübləndirdi?
- Məni təəccübləndirən komanda "Turan Tovuz"dur. "Qarabağ"dan danışmağa dəyməz. Onsuz da onlar çempiondur. Mövsümün əvvəlində "İmişli" və "Sumqayıt"dan bu nəticəni gözləmirdim. Mənim üçün Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq klubların siyahısında birinci "İmişli", sonra isə "Kəpəz" və "Karvan-"Yevlax" idi. "İmişli" məni yanıltdı (gülür). Qarşıda 22 tur var, hər şey ola bilər.