Vətən - bu ad bizə həmişə doğmadı. Bu ad futbolumuza da tanışdı. Çünki "Vətən" adlı Futbol Məktəbi var. Hansı ki, uşaq futbolunda sayılıb-seçilənlərdən sayılır. Özü də "Vətən" Futbol Məktəbinin tarixi müstəqil Azərbaycanla bağlı deyil, hələ SSRİ dövrünə gedib çıxır. "Vətən"i oxucularımıza daha yaxından tanış eləmək məqsədilə onun qonağı olduq, məktəbin direktoru Mustafa Həsənovla geniş müsahibəmizdə bir sıra mətləblərdən danışdıq, bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq. 

 

"Vətən" əfsanəvi futbolçumuz Ələkbər Məmmədovun rəhbərliyi altında yaradılmışdı"

 

- "Vətən" Futbol Məktəbinin keçdiyi yola nəzər salsaq, Azərbaycan futbolunda hansı yeri tutduğunu demək olar?

- Tarixə baxsaq, "Vətən" Futbol Məktəbi 1967-ci ildə məşhur, əfsanəvi futbolçumuz Ələkbər Məmmədovun rəhbərliyi altında yaradılmışdı. O vaxt Gənclər Futbol Məktəbi adlanırdı və tarixi həmin vaxtdan yazmağa başlayıb. Sonradan tanınan bir çox futbolçumuz həmin məktəbdə ilk addımlarını atıb, hətta komandaların tərkibində də oynayıb. Bundan sonra müəyyən dəyişiklər baş verir. Həm məktəbin yeri dəyişir, həm də müstəqillik dövrümüzdə bəzi dəyişikliklər olur. 2006-cı ildə qərar verilir və 2007-ci ildən iki baza ixtiyarına verilir. Biri hazırda sizin də qonağı olduğunuz "Ayna Sultanova" tərəfdəki bazadı ki, bu, ilk məkandı. Sonra da 7-ci mikrorayondakı baza sərəncamına verilir və "Vətən" Futbol Məktəbi həmin vaxtdan, adı dəyişərək artıq yeni adla fəaliyyət göstərir.

- Bunadək müxtəlif adlar olub...

- Bəli. İndi tam adımız "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbidi. Müstəqillik dövründə Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və yaxud sadəcə, Uşaq-Gənclər Futbol Məktəbi adlanıb. Hətta İdman Məktəbi adıyla da olub, sənədlərə baxmışam. Müəyyən dövrlərdən bu yana adı dəyişə-dəyişə gəlib və son olaraq 2007-ci ildə "Vətən" Futbol Məktəbi adı verilib. O dövrdən bəri infrastruktur müəyyən qədər yaradılıb deyə imkanlar artıb. 2007-ci ildə hazırda olduğumuz, 2011-ci ildə 7-ci mikrorayondakı baza inşa olundu. Bildiyiniz kimi, məktəbimiz əvvəl, hazırda Bakı Tennis Akademiyası olan yerdə olub. Həmin akademiya tikiləndən sonra ordan çıxdıq. Orda bir neçə meydança olub, nə qədər futbolçu çıxıb. Birinci buranı onun əvəzinə verdilər, sonra 7-ci mikrorayondakını - köhnə "İnqilab" kinoteatrının arxasındakı, 126 saylı məktəbə bitişik stadionu. Oranın açılışı olub. Həmin meydançanın ölçüsü 90-50-ə, bura 70-50-yədi. Təbii ki, hər iki bazanın tikintisi bir müddət çəkib, yavaş-yavaş müəyyən işlər görülüb. Amma həmin vaxt çempionatlarımız səhv etmirəmsə, müəyyən yaş qrupları idi, tam stabil deyildi. Orda da müəyyən məşqçilərimiz olub, müəyyən komandalar yığıblar, pis nəticələr göstərməyiblər. Bundan sonra 2008-ci ildə "Qəbələ" Futbol Akademiyası yaradıldı, seleksiya prosesi başladı, bizdən də çox oyunçu ora getdi. 2013-cü ildədək belə inkişaf tempi olub - futbolçu yetişib, gedib klublara. 

 

"Təbii ki, hələ idealdan uzağıq - bunu yüzdəyüz deyə bilərəm"

- Bəs, 2013-cü ildən hansı inkişaf mərhələsi oldu?

- Onda Mikayıl Cabbarov təhsil naziri olandan sonra bu infrastrukturu bildi, ona baxdı. Dedi ki, niyə də burda hərtərəfli gücü ilə fəaliyyət göstərən akademiya olmasın? Bu məktəb həmişə Təhsil Nazirliyinin balansında olub, sadəcə, həmin ildən sonra diqqət, qayğı artdı. İşlərin daha peşəkar görülməsi, uşaqları daha yaxşı hazırlaşdırmaq deyildi. 2013-cü idə məktəbə müavin gəldim, 2014-cü ildən faktiki direktor oldum. Sınaq müddəti oldu, sonra bu vəzifəyə təsdiqləndim. 

- Rəhbər olduqdan sonra ilk olaraq nədən başladınız işə?

- Baxdıq ki, nəyimiz var, nəyimiz yox, çatışmazlıqlarımız nədədi, başladıq təhlil eləməyə. Tanış olduq "Qəbələ" Futbol Akademiyasıyla, "Neftçi", "Qarabağ"la, oyunların, məşqçilərin səviyyəsini, hər bir şeyi təhlil elədik. Paralel olaraq çalışdığımız qədər xarici təcrübəylə də tanış olurduq ki, Azərbaycandan kənarda akademiyalar necə fəaliyyət göstərir. Ən azı şərt deyildi ki, nəsə böyük bir top-klub olsun. Postsovet məkanında da bizə oxşar ola bilərdi futbol, idman məktəbləri. Sonra Yaxın, Şərqi Avropada, Mərkəzi Avropada inkişaf etmiş ölkələri planlı şəkildə yavaş-yavaş təhlil elədik ki, nə etməliyik. Biz də təbii ki, başa düşdük infrastruktur, kadrlar çox vacibdi. Seleksiyanı da etməyi bacarmalısan, keyfiyyətli məşq keçməyi də. Yəni, hər bir addımımız gərək keyfiyyətlə uzlaşsın. Yoxsa inkişaf olmayacaq. Mərhələ-mərhələ bu səviyyəyə gəldik. Təbii ki, hələ idealdan uzağıq - bunu yüzdəyüz deyə bilərəm. Hələ çox iş görülməlidi. Amma müəyyən bir mərhələyə qədər gəldik və başladı keyfiyyət yavaş-yavaş ortaya çıxmağa. Respublika statustu məktəbik və bölgələrdə də fəaliyyət göstərməyə rəsmi olaraq səlahiyyətimiz var.

- Gəlin, elə bölgələrdəki fəaliyyətinizə keçək...

- Məqçilərimiz var 10-12 zonada - qərbdə, şimalda. cənubda, aran zonasında da. Onlar məşqlərini keçirlər, komanda şəklində formalaşıbsa, çempionata komanda da buraxırlar. Şərt deyil ki, tam bizim işçi olsun. Demək olar bütün rayonlarda uşaq-gənclər idman məktəblərimiz fəaliyyət göstərir. Onların da bir çoxunda futbol bölməsi var. Seçim elədik - səriştəsiylə, bacarığıyla seçilən məşqçilərlə əməkdaşlıq elədik. Bunlar rəsmi olaraq oldu. 

 

"Ən ürəkaçan, ən peşəkar qurulmuş işlər "Qəbələ"nin idi, onun akademiyasını Azərbaycanda etalon götürmək olar"

- İndinin özündə Azərbaycanda əsas futbol akademiyası "Qəbələ" sayılır. Bu klub "Vətən"in inkişafına hansı töhvələri verdi?

- Başladıq ilk olaraq özümüzü toparlamağa, komandalarımızı düzəltməyə. Təbii ki, yaxşı klublarımız çoxdu, amma ən çox zövq aldığım futbol "Qəbələ"ylə olan qarşılaşmalarımız idi. Orda qurulan işi gördüm. "Qəbələ" Futbol Akademiyasının qurucularından olan, uzun müddət rəhbərliyində yer alan Nail Kərimovu həmin vaxtdan işinin peşəkarı olan bir mütəxəssis kimi tanıyıram. Neçə dəfə getdim Qəbələyə, məni tanış elədilər orda iş necə qurulub. Bundan sonra Avropaya da getdik, bir neçə akademiyanı da gəzdik. Belə səfərimiz hətta postsovet məkanına da oldu, amma ən ürəkaçan, ən peşəkar qurulmuş işlər "Qəbələ"nin idi. Onun akademiyası bu planda xaricdə gördüklərimiz arasında seçildi. 

- Sizcə,  "Qəbələ" Futbol Akademiyasını etalon kimi əsas fərqləndirən nədi?

- İlk növbədə infrastrukturu. Meydançaları nə qədərdi, hamısı da ekstra səviyyədə. Sizə deyim ki, Azərbaycan üçün ən yaxşılardan biridi. İkinci məqam orda işin idarəçiliyi, rəhbərliyin futbol baxışının Avropaya standartlarına uyğun düzgün olması və Avropaya inteqrasiya. Futbolçuların tərbiyəsindən tutmuş hər bir şeyədək görülən ümumi iş var ki, çox düzgün, çox ürəkaçan idi. O akademiyya çox gözəl iş gördü, inanıram ki, bundan sonra da görəcək. Həm də ordakı bütün kadrların peşəkarlığı həmişə ürəyimi açıb - münasibət qurmaları, bir sözlə, hərtərəfli. "Qəbələ" Futbol Akademiyasını Azərbaycanda etalon götürmək olar. 

 

"Əvvəlcə əməkdaşlıqla bağlı "Səbail"lə bir cəhdimiz oldu, amma sonra..."

- Qayıdaq "Vətən"ə, neçə məşqçiniz, komandanız, futbolçunuz var?

- 2300-dən artıq ümumu futbolla məşğul olan var bizdə. Bu, ümumi respublika üzrə "Vətən"in bayrağı altındadı. Qruplarımız çoxdu, ona görə seleksiya qrupumuz bir az güclüdü. Həta orta məktəblərdə, fərqli-fərqli yerlərdə belə məşqlərimiz keçir. Öz stadionumuz yetərli olmayanda icarəyə də götürürük, dövlət xəttiylə də olur. 2018-ci idən "Sabah" Futbol Llubuyla əməkdaşlığımız başladı.

- Niyə məhz "Sabah"?

- Təhsil Nazirliyi nəzdində büdcə təşkilatı olaraq futbol məktəbik. Görülən bu qədər iş sayəsində futbolçular yetişir müəyyən səviyyədə. Hansılara ki, bir az müəyyən dəstək lazım olurdu. Təbii ki, klublara da gedirdilər, belə də olurdu. Amma birgə bir fəaliyyətə ehtiyac var idi işin məntiqi davamı kimi. Yəni, nə isə biz eləyiriksə, bir peşəkar, yaxşı inkişaf yolunu seçən klub olsa, onlarla da birgə daha maraqlı olar. Hətta "Sabah"dan 1 il əvvəl yaranan, Premyer Liqada çıxış edən "Səbail"lə bir cəhdimiz oldu 2017-ci ildə. Amma sonra "Sabah" üzərində dayandıq.

- Maraqlıdı, "Səbail"lə işbirliyiniz hansı səbəbdən alınmadı?

- Həm texniki məsələlərlə bağlıydı, həm də "Sabah"la daha geniş perspektivli müzakirələrə, daha uzağa yönələn planlar oldu. Özünüz də bu gün görüsünüz ki, o planlar həqiqətən həyata keçir. Buna görə onlarla əməkdaşlığa başladıq. Bilirsiniz ki, "Sabah"la Zaqreb "Dinamo"su arasında əməkdaşlıq müqaviləsi imzalandı, ordan mütəxəssisin bura gəlməyi həm bizim futbolçular, həm də məşqçilər üçün faydalı oldu. Bundan sonra klubla məktəb arasında mümkün olan qarşılıqlı, fayda verən əməkdaşlığın nəticəsidi ki, bu gün müəyyən bir mərhələyə gəlib çatmışıq.

- İstənilən halda, bu, klubun tabeliyində olan məktəb deyil...

- Yox-yox, birgə fəaliyyətdi. Büdcə təşkilatıyıq, tabelik ola bilməz. Tabeliyimiz yalnız Təhsil Nazirliyinədi. Bir çox işlər bu qurumun təşkilatçılığı ilə görülür. Ancaq məsələnin peşəkar tərəfi, futbolun inkişafına bağlı olan böyük işlər həmçinin "Sabah"la görülür. Onların da ordakı rolu çox bükdü. Yəni, böyük futbola doğru bir əməkdaşlıqdı.

 

"Vətən"lə "Sabah"ın komandaları arasında çox sağlam rəqabət var"

- "Sabah"ı uşaq futbolunda "material"la təmin etmək işləri necə gedir?

- "Sabah"ın bizə ən böyük köməyi peşəkar futbol tərəfindədi. Müəyyən idman tədbirlərinin keçirilməsində, uşaqların xarici səfərlərə gedib, xarici klublarda özlərini göstərmələrində dəstəyi var bu klubun. Bəli, "Sabah"ın ilkin mərhələdə komandalarının formalaşmasında daha çox bizim futbolçular oldu. Sonra fəaliyyət birləşdi. İndi "Sabah"ın heyətində 5-i "Vətən"dəndirsə, 5-də yenə ora cəlb olunan məşqçilərin, funksionerlərin, menecerlərin də əməyi böyükdü. Digər klublardan da olur uşaqlar. Birgə əl-ələ verib komandaları formalaşdırıq. Demək olmaz ki, bir komandada yalnız "Vətən"in uşağıdı, yoxsa "Sabah"ın. Ola bilər ki, "Sabah"ın uşağı "Vətən"də də oynayır.  

- İdman, xüsusilə də futbol rəqabəti sevir. Bu rəqabət necə gedir aranızda?

- Çox sağlam. Bilirsiniz ki, U-12 Liqasında finalda "Vətən"lə "Sabah" oynadı. İl ərzində yoldaşlıq görüşlərində aralarında əməlli-başlı rəqabət olur. Ən əsası da sağlam. Sizə turnir fəlsəfəsi barədə deyim ki, xüsusilə mən bura gələndən söyləmişəm - komandada komanda oyunu görək, futbolçuda futbolçu keyfiyyəti. Xüsusilə Avropa futbolunu görəndə, uşaqların topla davranışını, ağıllı səbrli oynamağını, valideynlərinə baxmamağını, özlərini göstərmələrini - buna neçə illərdi çalışırıq. Uduza bilərsən, kimsə qapısının ağzına yığıla bilər, yalnız uzaqdan zərbələrlə nəticəyə ümid edə bilərsən. 7-7-yə, yaxud 9-9-a futboldu, demək ki, orda hamını udacam - bu, yalan olar. Sənə qarşı elə bir taktika qura bilərlər ki, futbol oynamazlar, ancaq səni udarlar. "Qəbələ"ni görmüşəm, həmişə sevmişəm komandalarına verdiyim futbolu. Digər klublarda da olub, amma "Qəbələ"də konkret futbol fəlsəfəsi, oyun xətti olub, onu pozmayıblar. Biz də ona doğru çalışmışıq gəlməyə. Buna görə heç vaxt "nəticədi əsas" deməmişik. İnanın ki, bu nəticələr hansılar ilbəil gəlir, hamısı o sərbəstliyin nəticəsidi. Yəni, o gərginlik olmayıb ki, çempionluq tələb olunsun.

 

"Gələcəkdə I Diviziona komanda çıxarmağımıza gəlincə, təbii ki, niyə də yox?!
- "Vətən"in özünün peşəkar klub olaraq heç olmasa I Divizonda çıxış etməsi - belə bir fikir olub nə vaxtsa? Yoxsa strategiya seçilib ki, yalnız futbol məktəbi olmaqdı?

- U-19 Liqasında çıxışımız olub. Hansında ki, bildiyiniz kimi, çempion UEFA turnirinə vəsiqə qazanır. Onda Fərrux İsmayılov bizdə məşqçi olmuşdu, 2016/17 mövsümü olmalı idi. U-17 komandamız Vasif Haqverdiyevin rəhbərliyi altında Azərbaycan çempionu olandan sonra o fikirlər yaranırdı. Hətta Rusiyada "Çertanovo" nümunəsi var. Bu akademiyaya ilkin olaraq icazə verilmişdi ki, I Divizionda çıxış etsin. O artıq peşəkar liqadı, statusun artıq peşəkar olmalıdı. Orda peşəkar olmadan onlara icazə verilmişdi ki, oynasınlar. Müəyyən şərtlər qoyulmuşdu ki, ancaq öz yetirmələrin olsun. Futbolun inkişafı üçün bu addım atılmışdı. Sonra "Sabah"la əməkdaşlığa üstünlük verdik. Mənə elə gəlir ki, dediyiniz məsələnin gələcəkdə həyata keçməsi infrastukrtula bağlı olandı. Bilirsiniz ki, hər iki bazamız yenidənqurma layihəsinə düşüb. 7-ci mikrorayonda işlər gedir artıq, burda  isə işlər orda başa çatandan sonra start götürəcək. Ümumi yenidənqurma olacaq, çox gözəl şərait yaradılacaq. 12-13 yaşadək 9-9-a oynanılmaqla beynəlxalq turnir keçirlməli bir yer olacaq. Özü də idman oteliylə bir yerdə - 60 nəfərlik. 2-3 komanda dəvət edib beynəlxalq turnirlər keçirə biləcəyik. Söhbət çox güclü komandaların dəvət olunmasından gedir ki, bunun üçün lazımı şərait olacaq. O biri bazamızdakı stadion bir az da böyüyəcək, standartlara daha yaxın olacaq. I Diviziona gəlincə, təbii ki, niyə də yox?! Amma bunun mərhələli şəkildə, razılaşdırılmış formada həyata keçməsi lazımdı. "Sabah"la bağlı heç bir problem yoxdu. Onunla yanaşı, I Diviziona da komanda çıxarmaq olar. O qədər futbolçu yetişir ki, bunu eləmək olar. Amma indidən birbaşa əminliklə deyə bilmərəm ki, bəli, dəqiq olacaq. Gələcəkdə infratstruktur tam hazır olandan sonra o barədə yavaş-yavaş fikirləşmək olar.

- Təhsil Nazirliyinin "Vətən"ə dəstəyindən danışaq...

- Biz məktəbdənkənar təhsil müəssəsi olaraq Təhsil Nazirliyinin balansındayıq. Amma idman normativlərimiz və ona aid olan məsələlərlə bağlı Gənclər və İdman Nazliriyi ilə də işbirliyimiz var. Birbaşa tabe olduğumuz Təhsil Nazirliyindən hər cür dəstəyi görürük - işçilərin əmək haqları, inventarlar, infrastruktur, tikintilər, səfərlərimiz, təlim-məşq toplanışlarımız. Dövlətin dəstəyi budu, paralel "Sabah"ın da dəstəyi olandan sonra həqiqətən uşaqlar üçün çox yaxşıdı. Birgə fəaliyyət ona görə deyilir. 

 

"Başa düşürəm ki, uşaq futbolunda nəticə önəmli deyil, amma..."

- "Vətən" keyfiyyəti ilə seçilən məktəbə çevrilib. Yəqin, bura can atan çoxdu, düşmək çətin...

- Bəlkə də çox daxili turnirlər edən məktəblərdən biri bizik. Azərbaycan çempionatında bir neçə komandayla təmsil olunsaq da, yenə özümüz də turnirlər keçiririk. Bəli, orda komandalarımız çoxdu, onlara şərti adlar da vermişik. Onlar da çalışır ki, əsas komandalara düşmək baxımından daxili turnirlərdə özlərini yaxşı göstərsinlər. Çox böyük stimul, axın, həvəs var. Biz də əlimizdən gələn dəstəyi göstəririk uşaqlara. Təbii ki, əsas infrastrukturun çox olmasını istəyirik. 70-50-yə meydançalar azdı, onların sayının artması lazımdı. Böyük, standartlara uyğun meydançalar çoxalmalıdı. AFFA da, dövlət də, digər dövlər qurumları da kifayət qədər işlər görür bu yöndə. Amma müqayisədə yenə də lazımdı. 

- Otağınıza nəzər salıram, maşallah, kuboklarınız çoxdu. Sizcə, uşaq futbolunda nəticə əsas olmalıdımı? Çünki məşqçi çalışır ki, nəticə qazansın və bununla da rəhbərliyin gözünə girsin...

- Baxın, birincisi, bizdə o yoxdu. İkincisi, hesab edirəm ki, Azərbaycanda istənilən idman növündə o həvəsi yaratmaq üçün yarış rəqabəti olmalıdı. Bilirsiniz necədi, bəlkə də hansısa Avropa ölkəsində ailədə nəticə baxımından baxış fərqlidi. Bilirəm, Niderlandda, bəzi yerlərdə belədi. Nəticələr olmayan liqa ola bilər. Amma həmin "Ayaks"ı da, digər tanınmışları da gedirlər nəticə olan turnirlərə, iştirak edirlər. Çünki uşaqlar üçün baxmayın, hara yönəltsək də, nəticənin əhəmiyyəti var. Başa düşürəm ki, uşaq futbolunda nəticə önəmli deyil, amma qalib ruhu, yarış yolunu bilmək olmalıdı. Onu da düzgün tətbiq edə bilsək, bəlkə olmasa da olar nəticə. Amma istənilən halda, mənə elə gəlir ki, Azərbaycana lazımdı. Bilirsiniz, təkcə nəticə ilə bağlı məsələylə 30-40 faiz daha çox uşaq gəlir, valideyn uşağını gətirir. Uşaqları yarışlarla, o formada inkişaf etdirmək istəyən valideynlər də çoxdu. Gətirir bir dəfə futbola, görür uddular, sevincindən özünə yer tapmır, deyir nə yaxşıdı. Başa düşürsünüz, o baxımdan Azərbaycanda nəticə önəmlidi. 

- Nəticədən söz düşmüşkən, son mövsümdə "Vətən"in komandalarının liqalarda çıxışlarını necə dəyərləndirərdiniz? Nə dərəcədə razı saldı nəticələr rəhbərliyi?

(davamı olacaq)

 

 

MEHMAN SÜLEYMANOV