"Sabah" Azərbaycan Premyer Liqasının 30-cu turnda bu gün "Şamaxı"nın qonağı olub. Sport24.az xəbər verir ki, oyundan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub.

 

Litvalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

 

"Əvvəla, oyunçularımı, bizə dəstək olan azarkeşlərimizi təbrik etmək istəyirəm. Düzdür, həftə ortasında çempion olmağımız xəbərini alandan sonra bu oyuna köklənmək çətin idi. Buna baxmayaraq, oyunçularıma təşəkkür edirəm. Mən çox xoşbəxtəm. "Şamaxı" kimi komandaya üç qol vurmaq asan deyil. Bu gün meydanın hər mövqeyində dominant komanda biz idik. Bir daha futbolçularıma belə peşəkar yanaşmalarına, loqoya qoyduqları hörmətə görə minnətdaram.

 

Bu, mənim üçüncü çempionluğumdur. Litvada, Bolqarıstanda bu uğuru yaşamışam. Düşünürəm ki, bu, mənim ən böyük nailiyyətlərimdən biridir. Tam xatırlamıram, amma səhv etmirəmsə, 9 aydır məğlub olmuruq. Çoxlu qollar vurmuşuq. Azərbaycan liqası çox çətindir. Asan deyil, UEFA Çempionlar Liqasında çıxış edən komandanı geridə qoyub çempion olmaq. Buna görə komandanın süpürgəcisindən tutmuş, prezidenitmizə, bütün kollektivə təşəkkürlərimi bildirirəm.

 

Kubok bir oyundan ibarətdir. Kim daha yaxşı çıxış edəcək, kim daha az səhv edəcəksə, o da qalib olacaq. Hər kəs çıxıb meydançada öz işini görəcək. Bizim üçün qalibiyyət çox önəmlidir. Qalib gəlmək istəyirik. Çalışacağıq ki, meydana çıxıb kuboku qazanaq".


"Sabah" növbəti turda "Kəpəz"i qəbul edəcək.