"Hazırlıq plan üzrə davam edir". Bu sözləri Sport24.az-a "Karvan-Yevlax" klubunun futbolçusu Vadim Abdullayev deyib.

31 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlıqla bağlı fikirlərini bölüşüb:

"Çalışırıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq, səhvlərimizi minimuma endirək. Zaman hər şeyi göstərəcək."

Oyunçu 16 turdan sonra komandanın 6 xalla turnir cədvəlinin son pilləsində qərarlaşmasına da münasibət bildirib:

"Bunun səbəbləri çoxdur, konkret nəyinsə üzərində dayanmaq olmaz. Biz komanda olaraq hər şeyi bilirik, dərk edirik. Ona görə də hamımız bir yerdə əlimizi daşın altına qoymalı və bu vəziyyəti Allahın izni ilə düzəltməliyik."

Abdullayev heyətə yeni futbolçuların cəlb olunmasına da toxunub:

"Ümid edirəm ki, bu dəyişikliklər hamı üçün xeyirli olar. İnşallah, hər kəs komandaya fayda verər. Zaman hər şeyi göstərəcək."

Yarımmüdafiəçi XVII turda çempionluq uğrunda mübarizə aparan "Sabah"la keçirəcəkləri qarşılaşma barədə də danışıb:

"Mənim mentalitetimdə zəif və güclü anlayışı heç vaxt olmayıb. Meydançaya ayaq basıramsa, orada heç kim məndən üstün ola bilməz. Getdiyim hər bir idman növündə belə bir xarakterə sahib olmuşam. Rəqibin güclü və keyfiyyətli olduğunu bilirik. Amma meydana uduzmaq üçün çıxmırıq. İnsan həyatda özünə inanmalı, özünə güvənməlidir, qalanını Allaha buraxmaq lazımdır. Əsas odur ki, öz işini mərdliklə görəsən, ürəkli olasan. Hamı eyni cür düşünsə, işimiz Allahın izni ilə daha da asanlaşar".