"Araz-Naxçıvan" Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, "qırmızı-ağlar"ın məşqçisi Vadar Nuriyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Final oyunu kimi çıxmışdıq. Birinci hissə "Neftçi", ikinici hissə biz yaxşı oynadıq. Əvəzetmələrlə oyunu düzəltdik, qol da vurduq. Cinah oyunçularımız yox idi. Komandamızdan 2-ci hissədə razı qaldım. "Neftçi"ni təbrik edirəm".
- Bundan sonra avrokubok qatarının getdiyini demək olar?
-Deməzdim ki, getdi. Qarşıda 6 oyunumuz var. Rəqiblərimizin də oyunları olacaq. Tam demək olmaz ki, avrokuboklardan qopduq. Ola bilər ki, rəqiblərimiz də xal itirəcək.
- İlk hissədə rəqibə bu qədər qol epizodu verməyiniz nədən irəli gəlirdi?
- Dediyim kimi, cinah oyunçularımız yox idi. Paro cinah oyunçusu deyil. Ömər Buludov da sol cinah oyunçusu deyil. Ehtimal etmirdik ki, belə bir şey ola bilər. Amma oldu. Bruno Franko da zədəlidir. O da olsaydı, tamam başqa futbol oynayacaqdıq. Cinahda belə səhvlər etməyəcəkdik.