Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, futbolçu bu barədə özünün Instagram səhifəsində məlumat verib.

 

O, həmçinin azarkeşlərə dəstəyə görə təşəkkür edib: "Təəssüf ki, mənim üçün bu toplanış başa çatdı. Ümid edirəm ki, tezliklə sağalacağam. Komanda yoldaşlarıma növbəti oyunda qələbə arzulayıram."

 

23 yaşlı yarımmüdafiəçi İslandiyaya qarşı görüşdə çiynindən zədələnib və 39-cu dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, Ukrayna – Azərbaycan oyunu oktyabrın 13-də Krakovda keçiriləcək. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Üç turun nəticəsinə əsasən, Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda ikinci yeri tutur.