“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Əvvəla hamını qarşıdan gələn “Zəfər günü” münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ağır şəraitdə torpaqlarımızı qoruyan, keşiyimizi çəkən hərbçilərimizə də Allah can sağlığı versin. O ki qaldı oyuna, əslində mübarizə pis başlamadı, qələbə qazanmaq istəyirdik. Güclü rəqibə qarşı çıxış etdik. “Sabah” turnir cədvəlinin üst pillələrindədir, qarşılaşmanın favoriti idi. Təəssüf ki, rəqib qalib gəldi. Hər halda oyunçuların ustalıq səviyyəsini özünü göstərdi. Uduzanda deyiləsi sözlər çox olur. Amma mətbuat üçün yox, futbolçular üçün. Harada səhvlər ediriksə, bu barədə danışacağıq.
- İlk dövrədə “Sabah”dan xal almışdınız. Bu dəfə buna nə çatmadı?
- Bu dəfə ustalıq çatmadı. Səfər görüşündə xal qazanmışdıq. Son görüşlərdə fərdi səhvlərdən qollar buraxırıq. Bu gün də belə oldu.
- Hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmısınız. Komandaya baş məşqçi təyin olunanda bu situasiya ilə üzləşəcəyinizi düşünmüşdünüz?
- Bu situasiyada olmağı istəməzdim. Düşünürdüm ki, üst pillələrdə yer almağa çalışacağıq. Reallıq budur ki, hazırda aşağı yerlərdəyik. Gələcəkdə baxacağıq. Axıra kimi mübarizə aparacağıq.
- Yorğun və küskün görünürsünüz. Bu, komandanızın oyunu ilə bağlıdır?
- Xeyr. Əhval-ruhiyyə nəticədən asılı olur. Əlimizdə olan futbolçulara şans verməyə çalışırıq. Ən çox narahat edən odur ki, oyunçular bu şansdan yararlanmağı başa düşmürlər. Uduzmuşuqsa, belə də olmalıdır.
- “Səbail”in güclənməyə ehtiyac duyduğu mövqelər var. Qış fasiləsində bununla bağlı işlərə aparılacaq?
- Qış fasiləsinə hələ çox var. Qarşıda bizi ağır oyunlar gözləyir. Ağabala Ramazanov, Ruslan Hacıyev zədəli, Elmir Tağıyev və Nihad Qurbanlı cəzalı idi. Futbolda müdafiə olunmaq asandır. Hücum edə biləsən ki, müdafiəyə çox güc düşməsin. Deməzdim ki, cinahlarımız yaxşı deyildi. Sadəcə, effekti yox idi. Sağdan elə də pis hücumlar etmirdi, əvəzində sol cinah "axsayırdı". Qarşıda hələ çempionat oyunları var. İndi oturub qış "transfer pəncərəsi"ni gözləməyəcəyik. Əlbəttə ki, bəzi mövqeləri gücləndirməliyik.
- Qapıçı Hüseynəli Quliyevi əvəzləməyiniz nə ilə bağlı idi?
- Hüseynəli zədə aldı. Qapımızı yenə dəstəkləyəcəyik. Ötən matçda da bir müdafiəçimiz səhv eləmişdi. Futbolda belə hallar olur. İstəməzdik ki, olsun. Futbolçulara dediklərimiz odur ki, bacardıqlarını eləsinlər. Bacarmadıqlarını edəndə bu nəticəyə gəlirik. Bu gün həm zədələnmişdi, həm də düşündüm ki, dəyişikliyə ehtiyac var.
- Yayda sanki transferlər zamanı tələskənlik var idi. Qışda transfer pəncərəsi üçün maraq dairənizdə olan oyunçular var?
- Qışa kimi hələ 5-6 oyunumuz var. İstəyirik ki, bu dəfə tələskənlik olmasın. Maraq dairəmizə düşən bəzi futbolçular var. Yerli futbolçular da, əcnəbilər də transfer eləmək istərdik. Amma indi əlimizdəki oyunçulardan istifadə edəcəyik.
- Mahmud Qurbanov kimi mütəxəssisin komandasının belə səhvlərlə oynaması sizə necə təsir edir?
- Düşünürəm ki, təkcə mənə yox, azarkeşlərə də, məşqçi heyətinə də, futbolçulara da pis təsir edir. Oynayan dövrdə necə idimsə, həmin iddialar qalır. Görünür, bir az zamana ehtiyacımız var. Mən özüm də, futbolçularımız da təzədir. Nəsə düzəltmək istəyirik. Bu, asan əmələ gəlmir. Bəhanə eləmək istəmirəm, amma vaxt və bəzi mövqelərə oyunçular lazımdır ki, istədiyimizi ala bilək.
- Qoba Zakpa sanki çatdırmırdı. Bununla bağlı onunla söhbətiniz olacaq?
- Bütün futbolçularla təkcə oyundan sonra yox, ondan əvvəl də fərdi söhbətlərim olur. Mövqelərlə bağlı söhbətlərimiz də olur. Düşünürəm ki, qərarlar düzgün olmur. Zərbə vurmaq lazım olanda ötürmə verirlər, ötürmə anında zərbə vururlar. Bütün futbolçuların hərdən qərarları düz olmur. Bəzi oyunçular var ki, onlara öz etirazımızı bildirəcəyik.
- Dediniz ki, qışda transferlər zamanı tələskənliyə yol verməyəcəksiniz. Bəlkə bunun üçün skaut heyəti qurasınız...
- Ola bilər ki, bəzi futbolçularda tələskənlik etmişəm. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün keyfiyyət önəmlidir. Təkcə meydançada 90 dəqiqə qaçmaq yox, futbol oynamaq, öz ustalığını göstərmək də lazımdır. Gələcəkdə belə bir şey ola bilər.
- Mirabdulla Abbasovun fiziki durumundan razısınız?
- Deyə bilmərəm ki, fiziki durumu yaxşı deyil. Sadəcə, oyun praktikası çox azdır. Bir ilə yaxın oyun praktikası olmadı. Düşünürəm ki, bəzi məqamlarda çatdırmaması bundan irəli gəlir.