Azərbaycan Premyer Liqasında 2021/22 mövsümündə IV tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu turun "simvolik yığması"nı təqdim edir.

 

"Simvolik yığma"

Qapıçı: Nicat Mehbalıyev ("Qəbələ", 2)

Müdafiəçilər: Yusuf Laval ("Neftçi", 2) - Maksim Medvedev ("Qarabağ") - Şpiro Periçiç ("Sabah") - İsmayıl Zülfüqarlı ("Neftçi")

Yarımmüdafiəçilər: Omar Hani ("Qəbələ") - Asif Məmmədov ("Qəbələ") - Filip Ozobiç ("Qarabağ") - Mohamed Hamduyi ("Zirə")

Hücumçular: Raman Maçado ("Neftçi") - Rafael Utrix ("Qəbələ")

 

Turun BAŞ MƏŞQÇİsi - Elmar Baxşıyev ("Qəbələ")

Nəinki turun, ümumiyyətlə, cari çempionatın ən böyükhesablı qələbəsinə - 5:0-a imza atasan, ancaq fasiləyə qolsuz bərabərliklə yollanasan. Bax, fasilədə baş məşqçi nə dedi-nə demədi, ikinci 45 dəqiqədə komandası möhtəşəm futbol oynadı. Bu, "Qəbələ" və onun baş məşqçisi Elmar Baxşıyevə aiddi.

Əslində, "qırmızı-qaralar" "Səbail"lə ev matçında ilk hissədə də yaxşı oyun sərgilədilər, hesabı açmaq üçün yetərincə qol imkanları oldu. Yəni, görünürdü ki, bu komanda rəqibini üstələyərək qalib gələcək. Sadəcə, Baxşıyevin 15 dəqiqəlik fasilədə verdiyi enerji, motivasiya 5:0-da həlledici oldu. Bundan əlavə, 41 yaşlı mütəxəssisin uğurlu əvəzetmələri də nəticədə böyük rol oynadı. Baxşıyevin yenə sonradan meydana buraxdığı hücumçu Ülvi İsgəndərov artıq 3-cq qolunu vuraraq bombardirlər yarışında liderlər qrupunda yer aldı. Ağır zədənənən Yaovi Akakponu əvəzləyən vinger Omar Hani də oyuna yaxşı qoşuldu, qol vurmasa da, məhsuldar ötürmə müəllifi oldu. Daha bir qolu da baş məşqçinin ikinci hissədə meydana buraxdığı futbolçu vurdu ki, bu, Ehtiram Şahverdiyev idi. 

Turun QƏHRƏMANı - Asif Məmmədov ("Qəbələ")

Futbolçunun pasportuna yox, meydandakı oyununa baxıb qiymət vermək lazımdı. Bu sözləri "Qəbələ"nin kapitanı Asif Məmmədova şamil etməliyik. 35 yaşlı bu mərkəz yarımmmüdafiəçisi heç yaşlı olduğunu göstərmir, yeri gəlsə, 90 dəqiqə oynamağa gücü çatar. Asif 5:0-da təkcə yaxşı oyunuyla yadda qalmadı, qollarda da yaxından iştirak etdi. Əvvəlcə Məmmədov özünə qarşı qazandığı təhlükəli cərimə zərbəsi zamanı topu Rövlan Muradova çıxararaq onun güclü zərbəylə hesabı açmasına imkan yaratdı. Ardından Asifin gözəl ötürməsini Ülvi İsgəndərova bir toxunuşla tora göndərmək qalırdı. Məhz bu 2 qol artıq matçın taleyini həll edilməsi idi. Çünki artıq 84-cü dəqiqə idi və bundan sonra "Qəbələ"nin meydandan 3 xalla ayrılacağına heç bir şübhə yeri qalmadı.

Turun ANTİQƏHRƏMANı - Aldair Neto ("Keşlə")

"Keşlə"nin bu yay transferi üçün son tur çox uğursuz alındı. Felipe Neto "Neftçi"ylə səfər matçında hesaı açmaq üçün hələ ilk hissədə - hesab 0:0 olarkən yüzfaizli qol imkanı olsa da, bundan yararlana bilmədi. Nəzarətsiz qalan portuqaliyalı yarımmüdafiəçinin elə də güclü alınmayan zərbəsini "Neftçi"nin qapıçısı Aqil Məmmədov tutdu. Bu azmış kimi, Felipe komandası hesada 0:2 geridə olduğu zamanı hücumu başlamaq əvəzinə arxaya baxmadan ötürmə edəərk topu rəqibə "hədiyyə etdi" və komandasının qapısında daha bir qol görməsinə səbəbkar oldu. Bu zaman matçda 68-ci dəqiqə gedirdi və həmin xəta qırılma nöqtəsi olaraq "Neftçi"nin qələbəsinə heç bir şübhə yeri qoymadı. "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov bu kobud səhvdən cəmi 3 dəqiqə sonra passivində sarı vərəqə də olan Felipeni əvəzləyəyərək yetirmələri olan gənc yarımmüdafiəçi Samir Abdullayevin Premyer Lİqada debütünü daha üstün tutdu.

Turun KOMANDAsı - "Qəbələ" (2)

Bu komanda ilk turda olduğu kimi, yenə turun komandası olur və həmin nominasiyada dubla imza ataraq liderliyi ələ keçirir. Onda "Neftçi"ylə səfər matçında hesabda 2 dəfə geridə olmasına baxmayaraq, hər dəfə tarazlığı bərpa etməyə özündə güc tapan, hətta qələbəni də qoparmağa imkanı olan "qımrızı-qaralar" bu dəfə evdə "Səbail"in "daşını daş üstünə qoymadı". "Qəbələ" bu mövsümdə daha baxımlı oynayaraq, artıq qol vurmaq problemi də yoxdu və məhz topların daha yaxşı fərqinə görə 1-ci pillənin "Qarabağ"ın əlindən aldı. Bu nominasiyada da "qırmızı-qaralar"ın fərqləndiini nəzərə alsaq. son turda futbol diliylə desək, het-trik etdi. 

Turun HAKİMi - Kamal Umudlu ("Qarabağ" - "Sumqayıt" - 2:0)

Tura yekun vuran bu matç mərkəzi oyun sayılırdı və o, Kamal Umudluya tapşırılmışdı. II Qarabağ Müharibəsinin iştirakçısı olmuş bu hakim futbol meydanında da cəsarətli idi. Kamalın "Sumqayıt"ın qapısına təyin etdiyi penalti qərarı da tam doğru dii.

Turun SENSASİYAsı - "Qəbələ" - "Səbail" - 5:0

Sözsüz ki, bu, Qəbələdəki açılış matçında qeydə alındı. Bəli, "Qəbələ"nin qələbəsi gözlənilən idi. Ancaq daha 5:0 yox. Özü də unutmayaq ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanmışdı.

Turun SİTATı - Sənan Qurbanov ("Keşlə")

Son pillədə gedən, hələ ki xalsız olan yeganə komandanın baş məşqçisinin "Bakcell Arena"da oyunsonrası mətbuat konfransı həm uzun çəkdi, həm də maraqlı oldu. Sənan Qurbanovun manşetləri bəzəyən açıqlamaları çox oldu. O, yalvarıb postunda qalmaq fikrində olmadığını, rəhbərlik istəsə, vəzifəsində ayrlılmağa hazır olduğunu, bəlkə bundan sonra vəziyyətin düzələcəyini vurğuladı. Seçdiyimiz sitat da diqqətçəkən idi: "Bəlkə rəhbərliyin də mənə yazığı gəlir ki, bu səhərdən axşamadək işləyir, sadəcə, nəticə yoxdu". 

 

Turun ən gənci və "qoca"sı

Yeni mövsümdən əlavə etdiyimiz bu nominasiya futbolçulara yox, komandalara aiddi. Hər turda ən gənc və ən "qoca" komandaları da sizə təqdim edəcəyik. Beləliklə, orta yaş həddinə görə IV turun ən gənci "Sumqayıt" (25,54) oldusa, ən yaşlısı "Keşlə" idi - .27,63. Maraqlıdı ki, keçən turda da belə olmuşdu. Sadəcə, "Sumqayıt"da onda rəqəm 25,45, "Keşlə"də 28,36 idi. Göründüyü kimi, sumqayıtlılar öz göstəricisini bir qədər yaxşılaşdırıb, Azərbaycan Kubokunun son qalibi isə əksinə, pisləşdirib.