Premyer Liqamızın XXV turu arxada qaldı. Sport24.az turun məqamlarından ibarət "Top-5"i diqqətinizə çatdırır. 

İlk "abunəçi"

Cari çempionatın ilk "abunəçi"si müəyyənləşib. Bu, "Keşlə" olub. Komanda bu mövsüm "Neftçi"dən 1 xal belə ala bilməyib. "Keşlə" Yunis Hüseynovun rəhbərliyi altında həmşəhərlilərinə 0:1 və 1:2, Sənan Qurbanovun dövründə 1:3 və 0:3 hesabıyla uduzub. Maraqlıdı ki, "abunəçi" sözünü "Keşlə"nin sələfi olan "İnter"in bolqarıstanlı prezidenti Georgi Nikolov bir vaxtlar məhz "Neftçi"yə həmişə qalib gəldiklərinə görə futbolumuza termin olaraq gətirmişdi. 

Qurbanov üçün "Keşlə"də ilk

Növbəti məqamımız da "Keşlə"ylə, daha doğrusu, gəncbaş məşqçisiylə bağlıdı. Belə ki, 41 yaşlı Üurbanov bu postda ilk böyükhesablı məğlubiyyətini alıb. Qurbanovun III dövrədən bu yana başında olduğu "Keşlə"də Premyer Liqada 2 məğlubiyyətindən biri həmin "Neftçi"yə (1:3), digəri "Qəbələ"yə (0:2) olub. Göründüyü kimi, bunlar 2 top fərqiylə olub. Qurbanov Premyer Liqada bunadək son böyükhesablı məğlubiyyəti "Qəbələ"də istefa verdiyi son matçı - 2019/20 mövsümünün III turunda hazırkı komandasından almışdı - Qəbələdə 0:4. 

"Səbail"in həsrəti bitdi - Yunanovdan Yunanovadək

"Səbail"in qələbə həsrəti bitib. Aftandil Hacıyevin komandası buna "Qəbələ"ni evdə 1:0 hesabıyla məğlub etməklə nail olub. "Dənizçilər" son dəfə XVI turda öz meydanında qalib olmuşdu. Bu, fevralın 19-da "Sabah" üzərində 2:0 hesablı qələbə idi. Onda dubla imza atmış hücumçu Amil Yunanov bu dəfə də Bayılda fərqlənən yeganə futbolçu olub.

"Sumqayıt"ın Sumqayıtda qənimi

"Sumqayıt" bu il Premyer Liqada ilk ev məğlubiyyətini alıb. Bu, "Sabah"a 0:2 hesablı məğlubiyyətlə gerçəkləşib. Maraqlıdı ki, Ayxan Abbasovun komandası bunadək öz meydanında son məğlubiyyətini də məhz bu rəqibdən almışdı. Bu, XIII turda dekabrın 24-də 1:2 hesablı yenilgi olub. 

Maraqlıdı ki, "Sumqayıt" bu çempionatda ev matçlarında ən arzuolunmaz rəqib məhz "Sabah" oldu. Çünki ondan başqa hamısından xal ala bilib. "Gənclik şəhəri"nin təmsilçisinin öz meydanında bir matçı qalıb ki, XXVII turda qəbul edəcəyi "Neftçi"dən evdə xal götürməyi bacarıb - 0:0. 

Ən intizamsızlar - yenə legioner

"Qəbələ"nin gürcü legioneri Merab Qiqauri cari çempionatda 2-ci dəfə qırmızı vərəqə alıb. Yarımmüdafiəçi "Səbail"lə səfər matçında 51-ci dəfə 2-ci sarı vərəqə alaraq meydandan çıxarılıb. Maraqlıdı ki, Qiqauri cəzadan yeni qayıtmışdı. Çünki XX turda "Zirə"ylə ev matçında 29-cu dəqiqədə rəqibi vurduğuna birbaşa qırmızı vərəqə almış və buna görə AFFA-nın İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılmışdı. 

Bu çempionatda 2 qırmızı vərəqə alan futbolçular olub. Bunlar kolumbiyalı Kevin Medina ("Qarabağ"), yunanıstanı Dimitrios Çantakios ("Zirə") və qvineyalı Mamadu Kanedi ("Neftçi"). Göründüyü ki, bu aqibətlə üzləşənlər hələ ki yalnız legionerlərdi.