"Baş məşqçimiz Əfqan Talpbovun işindən razıyam. Sadəcə, onun PRO lisenziyası yoxdu. Vaxtilə almayıb. Baxacağıq vəziyyətə, danışıqlar gedir". Bu fikirləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

Məlumdu ki, AFFA İcraiyyə Komitəsinin qərarıyla Tovuz klubu Premyer Liqada çıxış edəcək. Komanda I Divizionda cari mövsümə Rövşən Babayevlə başlasa da, sonradan baş məşqçi postuna Əfqan Talıbov gətirildi. Hansı ki, klubun Müşahidə Şurasının üzvüdü.

Abdullayevin sözlərinə görə, baş məşqçi məsələsinə bu həftəsonunadək aydınlıq gələcək: "Əfqan müəllim Premyer Liqada baş məşqçimiz olmasa da, klubda Müşahidə Şurasının üzvü olaraq qalacaq. Baş məşqçi postuna 4 nəfər namizəd var".

Maraqlıdı, onlar kimlərdi? Abdullayev bir çox klub funksionerlərindən fərqli olaraq namizədləri gizli saxlamadı və adlarını açıqlamaqdan çəkinmədi: "Onlar Ayxan Abbasov, Ramin Quliyev, Yunis Hüseynov və Əsgər Abdullayevdi. Hamısı ilə bağlı danışıqlar gedir".

Xatırladaq ki, bu mütəxəssilərdən üçü işsizdi, Tovuzda "Turan" klubu olanda I Divizionda baş məşqçi olmuş Abdullayev AFFA Məşqçilər Komitəsinin üzvüdü. Abbasov isə həmkarlarından fərqli "Turan"da futbolçu olub.

 

 

 

MEHMAN SÜLEYMANOV