“Qəbələ” Premyer Liqanın 6-cı turunda səfərdə “Turan Tovuz”la görüşəcək.

Sport24.az xəbər verir ki, bu, iki komanda arasında ümumilikdə 6-cı duel olacaq.

İlk dəfə 2020/21 mövsümündə üz-üzə gələn komandalar kubokda bir, çempionatda dörd dəfə qarşılaşıb. 2 qələbəsi olan “Qəbələ” 2 heç-heçə edib və yalnız bir dəfə uduzub. 6 qol vuran “qırmızı-qaralar” 3 top buraxıb. Rafael Utziq bu matçlarda hamıdan çox – 2 dəfə fərqlənib.

Çempionatdakı 4 qarşılaşmada rəqiblər hərəyə bir qələbə qazanıb. İki görüşdə qalib müəyyənləşməyib. 4 qol vuran “Qəbələ” 3 top buraxıb.

Üçüncü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qəbələ” səfərdə uduzmayıb. Bu matçların hamısında eyni sayda – 2 qol vurulub. İki dəfə qalib gələn “qırmızı-qaralar” bir dueldən sülhlə ayrılıb.

Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.