"Turan Tovuz"un yarımmüdafiəçisi Coş Cinnelli dünən Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"a qarşı keçirilən oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- "Qarabağ"la matçda "Turan Tovuz"un heyətində ilk oyuna çıxdınız. Debütunuzu necə qiymətləndirirsiniz?
- Bəli, ilk oyunuma çıxdım. Debüt matçım idi. Bu görüşdə qələbə qazanmaqla azarkeşləri sevindirmək istəyirdik. İlk hissənin sonuna yaxın hesabda geri düşdük. Sonda heç olmasa, 1 xal qazanmağa çalışırdıq. Lakin alınmadı.
- Debütunuz "Qarabağ"a qarşı oldu. Bu rəqib barədə hansı məlumatlara sahib idiniz?
- Rəqib haqda məlumatım var idi. Bu gün də nəyə qadir olduqlarını meydanda gördüm. Xal qazana bilərdik. Təəssüflər olsun ki, yekun belə alındı.
- Xal qazanmaq üçün nə çatışmadı?
- Futbol epizodlardan ibarət oyundur. Kənardan asan görünə bilər. Əslində isə belə deyil. Sonda imkanlarımız oldu. Lakin rəqib qapıçı son anda etibarlı oynayırdı.
- Bu məğlubiyyət "Turan Tovuz"un avrokuboklar iddiasına nə dərəcədə təsir göstərəcək?
- Dediyim kimi, xal qazana bilərdik. "Qarabağ"a uduzsaq da, qarşıda hələ yol uzundur. Növbəti matçlarda vəziyyəti dəyişməyə çalışacağıq. İnanıram ki, azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağıq.
- Tam formaya düşmək üçün nə qədər zamana ehtiyacınız var?
- Hər gün üzərimdə çalışıram. Məşqlərdə əlimdən gələni edirəm. Bir qədər zamana ehtiyacım var. Tezliklə daha yaxşı formaya düşəcəm, bunu görəcəksiniz.