Milli komandamızın AVRO-2024-ün son seçmə mərhələsində Belçika millisiylə bugünkü səfər matçı kapitanı Emin Mahmudov üçün də önəmli olacaq. Belə ki, 31 yaşlı yarımmüdafiəçi qol vurarsa, tarixi olay gerçəkləşəcək. Bu da Eminin Azərbaycan millisinin 31 illik tarixində bombardiri olan Qurban Qurbanova qol sayında çata biləcəyi ilə bağlıdı. 

Mahmudov İsveçlə matçda dubla imza atandan sonra millidə qollarının sayını 13-də çatdırdı. Qurbanovda isə 14 qol var və bu rekord 20 ilə yaxındı nəinki yenilənmir, heç təkrarlanmır

Məlumdu ki, millimizin sabiq kapitanı olan Qurbanov hücumçu idisə, Mahmudov yarımmüdafiəçidi. Bu müddətdə heç bir forvardımız məhsuldarlıq keyfiyyətlərini nümayiş etdirərək, bombardirlər yarışında liderə "əlcək atmadı". Amma Mahmudov "8 nömrə" mövqeyinin futbolçusu olsa da, bombardirlik iddiasını ortaya qoyur. Özü də o, millimizdə son 7 ildə çıxış edərək qollarını sıralamağa başlayıb.

Millimizin sabiq baş məşqçisi Ağasəlim Mircavadov hazırkı kapitanın bombardirlər mübarizəsində şansı belə dəyərləndirib: "Real belədi ki, gərək Emin qollarını vursun. Əlbəttə, bunun olmasını istərdik və 1 qolu qalıbsa, bombardir ola bilər. Bizdə rekordları oyunçular tez-tez dəyişməlidi. Sizinlə razıyam ki, elə bir hücumçumuz yoxdu hər oyunda da olmasa, 2 oyundan bir qol vursun, qol vəziyyəti yaratsın"

Xatırladaq ki, Mahmudov millimizin başa çatmaqda olan tsikldə həm ilk, həm də hələ ki son qolunun müəllifidi. 

 

 

MEHMAN SÜLEYMANOV