UEFA Konfrans Liqasında AEL-lə oynanılacaq cavab matçı ərəfəsində “Qarabağ”ın prezidenti Tahir Gözəl baş məşqçi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb. Sport24.az xəbər verir ki, oyun öncəsi son məşq ərəfəsində baş tutumuş görüşdə Ağdam komandasının son avrokubok qarşılaşmaları ilə bağlı müzakirələr aparılıb.
Bundan başqa, Gözələ yeni transferlər haqda ətraflı məlumat verilib. O da öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandasının gücünə güc qatacaqlarına inandığını deyib. Klub rəhbəri “Qarabağ”ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.
Gözəl sabah AEL-ə qarşı cavab oyununda başda Qurban Qurbanov olmaqla komandamıza uğurlar arzulayıb, həmçinin bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək strategiyamızla bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.