Misli Premyer Liqasında XXI turu 6 futbolçu cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, ən ciddi itkilər "Qəbələ"dədi.

Belə ki, birdən-birə iki əsas müdafiəçi - braziliyalı Ruan Renatoyla Murad Musayev "qırmızı-qaralar"a "Zirə"ylə səfər matçında kömək edə bilməyəcək. Renato son turda aldığı qırmızı vərəqəni acısını çəkirsə, Musayev cari çempionatda 4-cü sarı vərəqənin problemini yaşayır. "Zirə"də isə son transferi Donald Gerye "ofsayd"da qalacaq. Haitili sol cinah müdafiəçisi ötən turda 2-ci sarı vərəqəyə görə meydandan çıxarılıb. 

Turun açılışını Gəncədə edəcək "Kəpəz"də də cəzalı stopperdi. Bu, cari çempionatda 4-cü sarı vərəqəsini alan Zamiq Əliyevdi. Maraqlıdı ki, gənc futbolçu müqaviləylə məxsus olduğu "Qarabağ"la görüşü buraxacaq. Zamiq "Kəpəz"ə bu mövsümün sonuadək icarəyə verilib. 

"Səbail" "Sabah"la səfər matçında ukrayalı yarımmüdafiəçisi Maksim Çexin, "Turan Tovuz" "Şamaxı"yla səfər görüşündə britaniyalı hücumçusu Natan Oduvanın xidmətindən yararlana bilməyəcək. Onlar da 4-cü "sarı"nın əziyyətini çəkir.