"Legionerlərimizdən Felipe Santos, Merab Qiqauri, Sadio Tounkara və Franko Floresin müqavilələri bitsə də, onları saxlamaq istəyirik və yeni müqavilələrlə bağlı danışıqlar gedir. Bildiyiniz kimi, moldovalı qapıçı Stanislav Namaşkoyla müqavilənin müddətini artıq uzatmışıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev söyləyib.

Keçən mövsümkü legionerlərdən saxlamaq istədiklərini açıqlayan gənc mütəxəssis yerli futbolçulara da toxunub: "Vitse-kapitanımız olan müdafiəçi Şəhriyar Əliyevlə bağlı da cavab gözləyirik. Hələ ki dəqiq məlumat yoxdu. Şəhriyarın xidmətində yenə maraqlıyıq, sadəcə, hər şey danışıqlardan asılıdı. Raafel Məhərrəmlinin də anlaşması bitib. Müqavillə şərtləri var, onunla da danışıqlar olacaq. İnşallah, alınacaq, qalacaq, yox, onunla da sağollaşacağıq. Eyni sözlər digər cinah müdafiəçimiz Elçin Mustafayevə aiddi. Təcrübəli arxa xətt oyyunçusu Kərim Diniyevlə isə artıq razılaşmışıq yeni müqaviləni".

Məlumdu ki, "Şamaxı" hələ "Keşlə" adlananda onun heyətində 2 mövsümdü icarədə çıxş edən mərkəz yarımmüdafiəçiləri - gənc Turan Vəlizadələ təcrübəli Rəhman Hacıyev var. Əliyevdən müqaviləylə "Neftçi"yə məxsus olan bu duet haqda da soruşduq: "Açığı, onların taleyinə aydınlıq gəlməyib. Gözləyirlər, qeyri-müəyyənlikdi bu iki futbolçuyla bağlı. Onların məsələləri klublar səviyyəsində - "Neftçi"ylə bizim arasında həll olunmalıdı. Onu deyə bilərəm ki, qalmalarına "yox" demirəm". 

Xatırladaq ki, "Şamaxı" mövsümün sonuna yaxın baş məşqçi əvəzi olan 35 yaşlı Əliyevi 1 illik müqavilə imzalanmasıyla yeni baş məşqçi kimi təsdiqləyib.

 

 

 

MEHMAN SÜLEYMANOV