"Səbail"də gözlənilməz baş məşqçi dəyişikliyi reallaşıb. Klubun icraçı-direktoru Fərəc Əliyevin Sport24.az-a verdiyi məlumata görə, Aftandil Hacıyevlə yollar ayrılıb.

Maraqlıdı ki, 41 yaşlı mütəxəssislə çempionatın son turu ərəfəsində - mayın 13-də 1 illik müddətə yeni müqavilə imzalanmışdı. Əliyev həmin anlaşmaya xitam verildiyini açıqlayıb: "Baş məşqşiylə əməkdaşlığı davam etməyəcəyik. Bu haqda rəsmi məlumat verəcəyik. Sadəcə, iclasdan yenı çıxdım və ilk siz yığıdınız, informasiyanı sizə deyirəm. Bəli, Aftandil müəllimlə yaxında yeni müqavilə imzalamışdıq. Amma gələn mövsümə bağlı biz rəhbərliyin fikirləri ilə baş məşqçinin fikirləri üst-üstə düşmədiyinə görə belə qərara gəldik ki, əməkdaşlığımızı dayandıraq".

Maraqlıdı, bu 10 gündə nə dəyişdi ki, fikir ayrılığı yarandı? "Səbail"də hansısa radikal dəyişiklik olacaq?: "Bunu sizə yaxın zamanda tam açıq deyə bilərəm. Ümumi götürsək, "Səbail" növbəti mövsümdə iddialı olmağına yüz faiz olacaq. Bunun heç bir aiddiyatı yoxdu Hacıyevlə bağlı məsələyə. Sadəcə, ümumi belə məsələlər var ki, siz də məni başa düşün, onu nə mən deyə bilərəm, nə də bizdən kimsə. Buna görə üzürlü sayın ki, konkret açıqlaya bilmirəm. Həmişə çalışmışam ki, nə var, onu açıq-aydın izah edim. Amma bu dəfə tam dəqiq şərh verə bilməyəcəm. Onu deyə bilərəm ki, son oyunumuzun - "Sumqayıt"a 0:5 hesablı məğlubiyyətin Hacıyevlə yolların ayrılması ilə heç bir dəxli yoxdu".

İndi ən aktual məsələ yeni baş məşqçinin kim olacağıdı. "Səbail"in avrokuboklar iştirakçısı olmadığından, vaxtı var. Əliyevi dinləyək: "Hələ ki zamanımız var. Amma bu, o demək deyil ki.1 ay oturaq gözləyək, axtarışlar edək. Həm tələsik də deyil ki, artıq bu gündən başlayaq. Yəqin, sabahdan bu istiqamətdə işlərə start verəcəyik. Şəxsən mən belə fikirləşirəm ki, yeni baş məşqçimiz yəqin, yerli mütəxəssis olacaq. Amma bu, rəsmi deyil, sizə rəsmi məlumat kimi demirəm. Bunu etməyim üçün bir az vaxt lazımdı".

Bəs, görəsən,  Hacıyevin köməkçilərinin hamısıyla da əməkdaşlıq dayandırılıb? Klub rəsmisi bu gün yalnız baş məşqçiylə danışdıqlarını diqqətimizə çatdırıb: "Yəqin ki, səhər başqa məlumatları da sizə verə bilərəm. Yeni baş məşqçimiz bilinməlidi ki, sonra heyətlə bağlı məsələlərə aydınlıq gəlsin. Bizdə heç vaxt rəhbərlik tərəfindən baş məşqçinin işinə müdaxilə oluna bilməz". 

Xatırladaq ki, Hacıyev 2018-ci ilin yayından çalışdırdığı "Səbail"ə Premyer Liqamızda ilk və yeganə medalını, habelə avrokuboklara vəsiqəni qazandırmışdı. Onun köməkçiləri Emin Ağayev, Yaşar Hüseynov və qapıçılarla işləyən Fərhad Vəliyev idi. 

 

 

MEHMAN SÜLEYMANOV