"Toplanış çox yaxşı keçdi. Əslində, 4 oyun planlaşdırmışdıq, lakin güclü yağış səbəbindən bunlardan 1-i baş tutmadı". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun televiziyasına müsahibəsində deyib.

Mütəxəssis hazırlıq prosesinin səmərəli alındığını söyləyib:

"Matça gəlincə, çox yaxşı və maraqlı keçdi. Futbolçuların göstərdiyi oyundan çox razı qaldım. Düşünürəm ki, bu görüş əvvəlkilərdən yaxşı mənada çox fərqləndi. Artıq meydanda dominant, səbirlə top saxlayan və nələrsə düşünməyə çalışan komanda var idi. Rəqib də möhkəm və sərt kollektiv idi. Toplanışımız çox yaxşı keçdi".

Abasov komanda daxilində ab-havanın yaxşı olduğunu vurğulayıb: "Bu da bizim üçün önəmlidir. Buna da fikir veririk. Bunu düzəltmək istəyirdik. Bildiyiniz kimi ötən mövsüm çox problemlər yaşadıq. Düşünürəm ki, bu dəfə bunu da bacardıq. Ab-hava həddindən artıq mükəmməldir. Baş məşqçi hansı mühiti arzulayırsa, o da var. Hətta bunu yeni gələn oyunçulardan da soruşa bilərsiniz. Baş məşqçi olaraq ab-havadan tam razıyam".

Baş məşqçi yeni transferlər haqqında danışıb:

"Futbolçuların hamısından razıyıq. Yoxlama oyunlarını tamam kənara qoyaq. Ümid edirəm ki, çempionat matçlarında onlardan istədiklərimizi ala biləcəyik. Yeni futbolçuları keyfiyyətlərinə, bacarıqlarına görə heyətə cəlb etmişik".

Qeyd edək ki, "Neftçi" Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda Kiprin AEL klubu ilə qarşılaşıb. Matçda heç-heçə qeydə alınıb – 2:2. "Neftçi"nin qollarını Bassala Sambu (18-ci dəqiqə) və Ramil Şeydayev (90-cı dəqiqə) vurublar.