Ötən günü bu sətirlərin müəllifi əminliklə “yollarda keçirdim” qrifi altında səciyyələndirə bilər. Saat 8:30-da Biləcəridən başlayan yürüş Bakı vaxtı ilə 23:30-da Afinadakı “The Athenian Callirhoe” otelində tamamlandı. Demirəm ki, günə yekun vuruldu, amma yolçuluq sona çatmışdı...

Paytaxtımızdan çıxmaq üçün tələb olunan “1 kilo” sənədlər toplusuna və verilən testlərə rəğmən, Afina Hava limanına çatmağımızı sözün hər iki mənasında burnumuzdan gətirdilər. İkinci məna hansıdı? Testi nəzərdə tuturam. Burnumuzdan çıxardıqlarının cavabı hələ çıxmasa da, Bakı testlərinə əsasən deyə bilərik ki, salamatçılıq olacaq.

Yunanıstan paytaxtı bizi Bakı baharı temperaturu ilə qarşıladı. Hərçənd, insanları haqda rəy bildirə bilmirik. Çünki əksəriyyətinin sifətinin böyük hissəsi maskayla bağlıdı. Buna rəğmən, Afinada gecə həyatı yox deyil. İnsanlar Akropol ətrafında gəzişir, tarixi abidənin və təbiətin gözəlliyindən zövq alır.

Ara-sıra yerli əhaliyə ünsiyyətdə də olmağa macal tapdıq. Amma etiraf edək ki, “Olimpiakos” - “Neftçi” oyununa dair bir canlı belə biz istədiyimiz proqnozu vermədi. Əksəriyyət 2:0 və 3:0 deyirdi. Hətta “Panatinaikos” azarkeşi olan dondurma satan ağsaqqaldan da istədiyimiz cavabı ala bilmədik: “Təbii ki, “Olimpiakos”a nifrət edirəm. Mən “Panatinaikos” azarkesiyəm. Ancaq Pirey təmsilçisi rahatlıqla qələbə qazanacaq. Düşünürəm ki, ya 3, ya da 4 cavabsız qol vuracaqlar”. Nə edək, “Neftçi”nin son illərdə beynəlxalq arenada hənirtisi gəlməyib deyə, yunanlar özlərini aşkar favorit görürlər. Amma dondurma satıcısını bir başqa məqamla sancmağı bacardıq: “2015-ci ildə burda olmuşam. Onda da Azərbaycan klubu “Qəbələ” paytaxtınıza autsayder libasında gəlmişdi. Özü də sənin sevimli “Panatinaikos”unla görüşürdü”... Sözümü ağzımda kəsən qoca “həmin gün mən də stadionda idim” deməklə, 2:2 və “qırmızı-qaralar”in qrupa düşdüyünü xatırladığını nümayiş etdirir. “Qırmızı-qaralar” “ağ-yaşıl” yunanları ağlar qoymuşdusa, “ağ-qaralar” niyə “ağ-qırmızı” yunanlara eyni aqibəti yaşatmasın?

“Futboloress”-dən olan həmkarım Elçin Cəlilovla Akropolun ətəyində çəkdirdiyimiz şəkil gecəyarısı xeyli arxada qaldıqdan sonra lentə alınıb. Gördüyünüz kimi, ətraf xeyli işıqlıdı. İnanırıq ki, sabah Bakıda gecə yarısı arxada qaldıqdan sonra paytaxtımızın küçələri “Neftçi” azarkeşlərinin sevincindən par-par parıldayacaq.

 

 

CEYHUN ƏLİYEV, Bakı-Afina