"Qarabağ"ın oyunu haqda yalnız xoş sözlər demək olar". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" üzərində səfərdə qazanılan 3:2 hesablı qalibiyyətdən danışıb:
"Qısa və konkret olaraq deyim ki, təmsilçimiz bütün elementlərdə "Benfika"nı üstələdi. Layiqli qələbə qazanıldı. Həm oyun, həm də xarakter baxımından Ağdam təmsilçisi çox möhtəşəm idi. Son zamanlarda ən yaxşı oyununu göstərə bildilər. Yenə deyirəm, "Qarabağ" xarakter göstərdi. Özünəinam, təcrübəli futbolçularda uduzmaq qorxusunun olmaması bizə kömək oldu. Görünən odur ki, bu qələbədən sonra Çempionlar Liqasındakı bütün rəqiblər "Qarabağ"ə qarşı ciddi yanaşacaq və təmsilçimiz hər bir rəqib üçün başağrısı olacaq".
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcək.