Yeni mövsümdə I Liqada çıxış etmək hüququ qazanan "Şahdağ Qusar"da böhran yaşanır. Sport24.az-ın əldə etdiyi məlumata görə, klubun sponsoru nə komandaya pul xərcləmək istəyir, nə də möhürü kiməsə verir.

 

Mənbəmizin sözlərinə əsasən, AZENKO şirkəti bir şərtlə komandanı təhvil verəcək. Şirkət ötən mövsüm xərclədiyi pulu geri qaytarmaq istəyir. Yəni, komandanı himayəyə götürmək istəyən iş adamı və ya şirkət qarşı tərəfə 700 min manata yaxın ödəniş etməldir. Təbii ki, bu şərt də heç kimi razı salmır. Bu səbəbdən hazırda "Şahdağ Qusar"da qeyri-müəyyənlikdir. Komandanın yeni mövsümdə meydana çıxıb-çıxmayacağı sual altındadır.

 

Söylənənlərə inansaq, komandanın kapitanı Rahid Əmirquliyev AZENKO rəhbərliyi ilə görüşüb, məsələni həll etməyə çalışsa da, onu da eşidən olmayıb. Millinin sabiq üzvünə də eyni sözlər deyilib.

 

Qeyd edək ki, Qusar təmsilçisi son mövsümün yekunlarına əsasən II Liqanın qalibi kimi I Liqaya vəsiqə qazanıb.