"Qarabağ"ın oyunlarını izləyəndə, komandada əhval-ruhiyyəyə baxanda, gözlənilir ki, inşallah, Azərbaycan bir daha Çempionlar Liqasının qrup mərhələsində təmsil olunacaq, bu nüfuzlu turnirin himni bir daha ölkəmizdə çalınacaq". Bu fikirləri Sport24.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.
Başa vurduğumuz həftədə "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə bizləri nə qədər sevindirdisə, Konfrans Liqasındakı son təmsilçimiz "Neftçi"nin Vyanada "Rapid"ə məğlubiyyəti bir o qədər üzdü. Sabiq PFL rəhbərinin sözlərinə görə, həmin görüşdə "ağ-qaralar"ın real qol imkanlarını boşa verməsi onun qan təzyiqini qaldırıb: "Oyuna baxdım və sağ olsun "Neftçi"nin futbolçuları, həmin gün mənə 4 təzyiq dərmanı atdırdı. Çox pis oldum həqiqətən. Sözsüz ki, bunlar vurulmalı olan qol imkanları idi. Deyərdim ki, bu, bir qismət idi. Bəxt gətirmədi, həmin gün bəxt rəqib komandada idi. O cür peşəkar futbolçuların elə bir şansları əldən buraxmaları gözlənilməz oldu. Bəzən deyərlər ki, nə qismət. nə bəxt. Amma bu matçın özü bir daha sübut elədi ki, bəli, doğrudan da elə bir şey var".
Xatırladaq ki, "Neftçi" "Rapid"i Bakıda 2:0 hesabıyla məğlub etdiyi matçda son saniyələrdə buraxdığı qolla 2:1 hesablı qələbəylə kifayətlənməli oldu. Avstriyadakı cavab görüşündə isə meydan sahibləri isə 1:0 hesabıyla qalib gəldiklərindən, əlavə vaxt təyin olundu. 120 dəqiqədə bir neçə yüzfaizli qol şansını boşa verən "Neftçi" mübarizə oyunsonrası penaltilər seriyasına getdiyi bir vaxtda - sona 7 dəqiqə qalmış daha bir top buraxaraq 0:2 hesablı məğlubiyyətlə avrokuboklarda mübarizəni dayandırmış oldu.
MEHMAN SÜLEYMANOV