Misli Premyer Liqasının X turunun "Karvan-Yevlax" – "Zirə" oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Çempionatın oyunları elədir ki, hansısa oyuna rahat yanaşa bilmirsən. Matçdan əvvəl də bilirdik ki, burda bizi necə oyun gözləyir. Son turda "Turan Tovuz"a qarşı yaxşı, əzmkar oyun göstərmişdilər. Çətin olacağını bilirdik. İlk hissədə çoxsaylı qol epizodları yaratdıq. Rəqib qapıçı inanılmaz seyv edirdi. Bizdə isə qapımıza gələn bir zərbə qol oldu. Fasilədə dedim ki, belə davam etməli, bir az sürəti artırmalıyıq. Fasilədən sonra rəqib daha bir qol vursa da, futbolçular özlərində güc tapıb, geridönüş etdi və qələbə qazandı. Bu şəkildə davam etməliyik. Qarşıda "Turan Tovuz"la bizi ağır oyun gözləyir.

 

– Kapitanın (Qismət Alıyev) ehtiyatda olması nə ilə bağlı idi?


– Yorğun olduğu hiss edilirdi. Ötən matçda da oynatmamağı düşünürdüm, amma son anda fikrimi dəyişdim. Bu gün ona bir az istirahət verməyi düşündüm.

– Zədəliləriniz nə vaxt qayıdır?


– İssa Cibrilla məşqlərə başlayacaq, amma oynaması sual altındadır. Volkovun da milli fasilədən sonra qayıtması gözlənilir.

 

– Buraxdığınız qolları necə şərh edərdiniz?


– Düşünürəm ki, canlı səddin səhvi idi. "Qarabağ"la buraxdığımız qola oxşadı. Orda da top canlı səddin altından keçmişdi. Standart vəziyyətlərdə oxşar səhvlər olur. İkinci qolda Aydınlıq bir şey yox idi. Rəqib 100 faizlik epizod yaxalamışdı.

 

– Ruan Renatoya Azərbaycan millisində oynamaqla bağlı söhbət etmisinizmi?


– Söhbətim olmayım. Son illərdə milliləşmə ilə bağlı prosesdə durğunluq var. Renato elə oyunçudur ki, millimizə xeyir verə bilər. Onda azərbaycanlı xüsusiyyətləri – patriorluq, diqqət, futbolçularla münasibət var. Bu cür futbolçuların milliləşməsinə ehtiyac varsa, etmək olar. Yenə də qərar məndən asılı deyil. "Zirə"nin məşqçisi kimi yox, azərbaycanlı biri kimi onun milliləşməsinə sevinərəm. Necə məsləhətdirsə, elə olsun.