Misli Premyer Liqasının X turunun "Karvan-Yevlax" – "Zirə" oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– İlk hissəni öndə bitirdik. 1:1-dən sonra əks-hücumdan qol vurduq və yenidən önə çıxdıq. Beşinci oyundur ki, standart vəziyyətlərdən qol buraxırıq. Bu, bəhanə deyil. Bu gün də iki qolu da standart vəziyyətdən buraxdıq. Məşqçi meydana çıxıb müdafiə oluna bilməz. Standart vəziyyətlərlə bağlı çalışırıq. İnşallah, gələcəkdə daha məsuliyyətli olarıq. Burda bunu demək istəməzdim, amma "İdman" TV-də bir proqramda jurnalist deyir ki, Azər Həşimov jurnalistlərin kölgəsində qalır. Belə deyil. Araz Abdullayevi meydana buraxmaq istəyirdik, amma köməkçi məşqçi dedi ki, artıq 5 əvəzetmə etmişik. Bu, səhv qələmə verildi. Yeni yaranmış komandayıq, meydança ilə bağlı problemlərimiz var idi. Şükürlər olsun, indi öz meydançamızda hazırlaşırıq. Bunun nəticəsidir ki, son iki oyunda yaxşı çıxış edirik. Oyundan razı, nəticədən narazıyıq. Güman edirik ki, daha dinamik komanda olacağıq.

 

– Standart vəziyyətlərin öhdəsindən gələ bilməməyiniz futbolçuların keyfiyyəti ilə bağlıdır?


– Məşqçinin işi mövqelərdə olan çatışmazlığı, rəqiblərin təhlükəli vəziyyətlərinə hazırlıq görməkdir. Hazırlaşırıq. Ancaq futbolçunun əvəzinə meydana çıxıb, müdafiə oluna bilmərik. Bu problem keyfiyyətlə bağlıdır.

 

– İlk hissədə məcburi əvəzetmələr etdiniz. Bu, nəticəyə nə dərəcə təsir etdi?


– Süleyman və Mikels ilk hissədə zədələndi. Buna görə üçüncü əvəzetmə zamanı problem yaşadıq. İkinci hissədə Qavi Tompsonda da problem oldu. Boşluqları doldurmağa çalışsaq da, alınmadı.

 

– Bir oyunda 3 futbolçunun zədələnməsi ya fiziki yüklənmədən, ya normal məşq keçməkdən asılıdır…


– Mikels "Kəpəz"lə oyundan sonra 2 ay oynamadı. Bu gün də iynə ilə meydana çıxmışdı. Ancaq Süleyman Əhmədov da rəqiblə toqquşduğu üçün zədə aldı. "Qəbələ", "Kəpəz" və "Qarabağ"la oyundan sonra heyətlə bağlı problemlər oldu. Futbolda zədələr qaçılmazdır.

 

– Araz Abdullayev nə üçün oynamadı?


– "Turan Tovuz"la oyundan sonra arxa əzələlərində problem çıxdı. Güman ki, növbəti həftədən meydana çıxa biləcək.

 

– Autsayder qismində siz göstərilirsiniz. Bu, sizə necə təsir edir?


– Oyundan-oyuna fərq var. Düzdür, məğlub oluruq. Amma futbolda belə şey var ki, yaxşı oynayıb uduzmaqdansa, pis oynayıb udmaq yaxşıdır. Komandamıza inanıram. İnşallah, liqada qalacağıq.