“Sabah”ın sabahı. “Qasım” gəlir?

Premyer Liqaya gəlişindən sonra “Sabah”ın sabahı heç cür günəşli açılmırdı. Komanda elə hey burulğana düşür və turnir cədvəlinin quyusuna baş vururdu. Hər yeni mövsümün əvvəli medallara iddialılar sırasında adı hallansa da, cəmi bir neçə turdan sonra yaxın gələcəyin yenə də “günəsli sabah” yox, “qaranlıq gecə”yə qərq olmasından xəbər verirdi.

Elə 21/22 mövsümünün startı da istisna olmadı. Lakin klub rəhbərliyinin budəfəki “səbr kasası” 1 dövrəyə yetdi. Yeddi tura 1 xal toplayan Ramin Quliyevlə vidalaşan paytaxt təmsilçisi əvvəlcə idman direktoru İqor Ponomaryovla yola davam etdi və təcrübəli mütəxəssis qələbə sevinci dadmayan komandaya ardıcıl 2 dəfə bu hissləri yaşatdı. Elə komandanın “sükanı arxası”na gətirilən Murad Musayev də müvəqqəti baş məşqçinin qrafikini davam etdirməyə yaxın idi. Lakin “Zirə”ylə ev matçında 2 top önə keçdikdən sonra “Sabah”ın azlıqda qalması rusiyalı mütəxəssisin yekunda 1 xalla kifayətlənməsini şərtləndirdi. Ancaq növbəti tur...

Bu dəfə hesabda öndə yox, geridə olan Musayevin drujinası “Neftçi”ni, hazırkı çempionu (!) ikinci 45 dəqiqədə çökdürdü. Düzdü, hazırda “ağ-qaralar” ən yaxşı günlərindən çox uzaqdır, ancaq adama deyərlər “mənə nə?”. “Sabah” üçün bu qələbə olduqca əhəmiyyətli idi. Elə yeni baş məşqçinin özünə də. Paytaxt klubu tarixində ilk dəfə “Neftçi”ni məğlub etməklə yanaşı, uzun müddət tərk edə bilmədiyi sonuncu pillədən də qurtuldu. Özü də şappıltıyla!

Lakin “iştah diş altındadı”. Musayevin drilujinası çempiondan sonra daha bir titul daşıyıcısı - ölkə Kubokunun son qalibi “Keslə”ni zərərsizləşdirdi - 2:1. Artıq paytaxt təmsilçisi rəqiblərinin kabusuna çevrilməyə başlayıb. Ramin Quliyevlə yolları ayrıldıqdan sonra baş tutan 5 oyunun 4-dən qalib ayrılan “futuroloq”lar 1 dəfə də bərabərliyə razılaşıblar. İlk 7 turda 1 yox, 2-ci dövrədə toplanan xalların yarısını belə yığmaq alınsaydı, 2-3-cü pillələr arasında var-gəl edirdilər. Amma necə deyərlər, “özü yıxılan ağlamaz”.

Bir neçə kəlmə də yeni çalışdırıcı haqda. Murad Musayevin dəst-xətti barədə konkret fikir bildirmək üçün yəqin ki, növbəti mövsümün qış fasiləsinədək səbr etmək lazımdı. Lakin ilkin təəssürat belədir ki, rusiyalı mütəxəssis əlindəki futbolçulardan “kökə yapmağı” bacarıb. Bu isə üst sıralar uğrunda mübarizədə intriqanın artması şanslarını xeyli artırır. “Kişi sözü” filmində “Qasım gəlir” mahnısının sözlərini yüngülvari dəyişərək “Murad gəlir”lə əvəz etməyə tələsməsək də, ümumilikdə “Sabah”ın nəhayət ki, sabahının xeyirliyə açıldığını iddia edə bilərik.

Sabah necə olacaq? Bax, bu suala cavab verməyə gəlin tələsməyək. Hər halda, qış fasiləsinədək paytaxt təmsilçisini əvvəlcə ən əzəmətli kollektiv - “Qarabağ”, ardınca isə süni örtüklü meydanda ağır “Səbail” səfəri gözləyir.

 

 

CEYHUN ƏLİYEV