Azərbaycan Kubokunun ¼ final mərhələsində iki oyunun nəticəsinə görə, "Qarabağ"a yenilən "Sabah" mübarizəni dayandırdı. Maraqlıdı ki, ilk görüşdə "süvarilər"ə böyük hesabla məğlub olan "bayquşlar" cavab qarşılaşmasını qalib kimi başa vurmağı bacardı. Ancaq necə deyərlər "qatar artıq getmişdi". Masazır təmsilçisinin kapitanı Elvin Camalov Sport24.az-a müsahibəsində həm ilk görüşdə yaşananlara toxunub, həm də cavab qarşılaşmasından danışıb.

 

-  Kubokun cavab oyununu ilə bağlı fikirlərini bilmək istərdik. İlk matçda böyük hesabla məğlub olsaz da, ikinci görüşdə qalib gəlməyi bacardız. Ancaq bu qalibiyyət heç nəyi dəyişmədi...
-  Oyuna yaxşı başladıq. Bunun da nəticəsində ilk yarıda 2 qol vurduq. Matçın qalan dəqiqələrində də komandamızın çıxışı yaxşı təsir bağışladı. Fikrimcə, bu oyunda komanda olaraq, xarakter nümyiş etdirdik, müsbət mənada seçildik.

 

- İlk matçda yaşanan fiasko nədən qaynaqlandı?
- Bir-birindən fərqli iki oyun oldu. Sadəcə, ilk matçda bizdə alınmamışdı. Futbolda hərdən belə anlar olur. Masazırda keçirilən matça da ciddi hazırlaşmışdıq. Amma, sonda nəyin necə olacağını bilmirsən. Gözləmədiymiz halda böyük hesabla məğlub olduq.

- Murad Musayevin gedişindən sonra komandada ab-hava necədir?
- Murad Musayev həm yaxşı insan, həm də çox yaxşı mütəxəssis idi. Bu cür məşqçi ilə çalışdığıma görə çox şadam. Amma, bu futboldu və ayrılıqlar da bunun bir parçasıdı. Komandamızda hamı peşəkardır. Üzərimizdə hansı məsuliyyətin olduğunu yaxşı başa düşürük. İndi yalnız qarşıdakı matçlara köklənməliyik.


- Cavab oyununda onun yoxluğu hiss olunurdu?
- Əlbəttə ki, hiss olunurdu. Hər məşqçinin özünəxas xususiyyətləri olur. Hər biri komandasının qalib gəlməsini istəyir. Bu istəyini də fərqli formada biruzə verir. Ümumiyətlə, oyunun gedişində meydanda tam başqa emosiya olur.

- Çempionatda növbəti rəqibiniz də "Qarabağ" olacaq. Ardıcıl 3 dəfə onlarla oynamaq yorucu deyil?
- "Qarabağ" kimi güclü rəqiblə oynamaq istənilən halda xoşdur. Bu cür oyunlar nə qədər çox olsa, bir o qədər yaxşıdı. İnanıram ki, bu dəfə də layiqli mübarizə aparacayıq.

Röyanə Oğuz