Birinci Liqanın 23-cü turunda iddialı "Baku Sportinq" autsayder "Şimal"a məğlub olmaqla turnir cədvəlində 4-cü pilləyə yuvarlanıb. Qarşılaşmadan sonra komandanın baş məşqçisi Röyal Nəcəfov Sport24.az saytına müsahibə verib.

 

- Autsayderlə matçda çoxları sizdən gözləsə də, gözlənilmədən "Şimal"a məğlub olduz. Oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- Turnir cədvəlinə baxaraq rəqibləri dəyərləndirmək düzgün deyil. Aşağı pillələrdə qərarlaşan komandalara qarşı oynamaq daha çətin olur. Onların da, bizim kimi hədəfləri var. "Şimal" Birinci Liqada qalmaq istəyir. Buna görə oyunun gərgin keçəcəyini bilirdik. Epizodların birində ani diqqətsizlikdən qapımızda qol gördük. Buna baxmayaraq, sonradan üstünlüyü ələ aldıq, qol epizodlarımız da oldu, lakin onları dəyərləndirə bilmədik. Bəzən alınmayanda alınmır. Dünən idman xoşbəxtliyi də bizim tərəfimizdə olmadı. Rəqibi təbrik edirəm.

- Bu məğlubiyyətdən sonra komandanız 4-cü pilləyə düşdü. Yenidən ikinci yer şansını necə qiymətləndirirsiniz?
- Oyundan əvvəl futbolçulara demişdim ki, 5 oyunun hamısında qalib gəlsək, mövsümü 2-ci pillədə başa vura bilərik. Hazırda 4 qarşılaşma qalıb və şansımız davam edir. 2-ci yerdə olan "Səbail" ilə xal fərqi böyük deyil. İki həftə əvvəl biz ikinci idik, sonra "Mingəçevir", indi isə "Səbail"dir. Ümid edirəm ki, gələn həftə yenidən ikinci pillədə biz olacağıq.

 

- Elitaya vəsiqə qazana bilməsəz, komandada qalacaqsınız?

– Yanvarda mənə 2-3 rəsmi təklif olmuşdu, artıq yeni mövsüm üçün də zənglər gəlir. Amma mövsümün sonunu gözləyirəm, diqqətimizin yayınmasını istəmirəm. "Baku Sportinq" mənim üçün doğma komandadır. Ayrılıq olsa, ilk növbədə klub rəhbərliyi ilə danışacam. Hüseyn müəllim komanda üçün böyük işlər görüb. Ola bilər ki, onlar yola bizimlə davam etmək istəməsinlər. Bu məsələlər mövsümün sonunda müzakirə olunacaq.

- Bəzi komandalar sizin ev oyunlarını keçirdiyiniz meydançadan şikayət edir. Bu barədə nə deyə bilərsiniz?
- Meydançamızdan şikayət edən komandaların bəzilərinin öz stadionu yoxdur. Bunu tam səmimi deyirəm. Özündə yoxdursa, başqasının meydançasından şikayət etmək doğru deyil. Bizim infrastrukturumuz var və gələcəkdə daha da yaxşılaşdırmağı planlaşdırırıq. Şikayət edənlər normal stadionda bizə məğlub olublar. Mən futbolda bəhanəyə sığınanlardan deyiləm. Bəhanə uğurun qarşısını alan amildir.