"Ferentsvaroş" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq. Sport24.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:

 

- Növbəti mərhələyə yüksəlmək üçün komanda olaraq səhvlərə yol verməməliyik. Hər bir oyunçu fərdi səhvlərə diqqət etməli və komandamıza kömək etməlidir. İlk matçda adi vəziyyətlərdən qollar buraxdıq. Rəqib bu imkanlardan yaxşı istifadə etdi və qalib gəldi. İndi isə fiziki hazırlığımız yerindədir və oyuna tam motivasiya ilə çıxacağıq.

 

- Futbolçu karyeranızda böyük klublara qarşı oynamısız. Həmin vaxt daha həyəcanlı idiz, yoxsa indi?

- Təbii ki, bu səviyyəyə çatmaq çox sevindiricidir. Bu komandalar çox güclüdür. Sabahkı oyunda həmin klublarda oynadığım zaman olduğu kimi həyəcanlıyam. Baş məşqçi və sabiq oyunçu olaraq məqsədim hər zaman ən yüksək yerləri tutmaqdır.

 

- 6 futbolçunuz Macarıstan millisinə dəvət alıb. Bu haqda nə deyə bilərsiz?

- Buna sevinirəm. Mən gənc oyunçulara həmişə şans verirəm. İş prinsipim futbolçuların daha da güclənməsinə və inkişafına töhfə verməkdir.

 

- Bakı məşqə çıxmamağınızın səbəbi nədir?

- Biz həmişə öz stadionumuzda məşq edirik. Bəlkə bəziləri düşünür ki, bütün stadionlar eynidir, amma biz həmişə öz meydanımızda çalışaraq səfərə gedirik və bu, oyunumuza müsbət təsir edir.

 

- Sizcə, 1:3 hesabından sonra geridönüş etmək mümkündür?

- Uzun müddətdir futbol sahəsindəyəm və bilirəm ki, futbolda hər şey mümkündür. "Liverpul"da olarkən 0:3 hesabı ilə geridə olduğumuz halda hesabı bərabərləşdirə bilmişdik. Geridönüş edərək, 3:2, 4:2 hesabı ilə qalib gəldiyimiz hallar da olub. Sabah da hər şey ola bilər. Mən məğlub olmağı sevmirəm. Baş məşqçi olaraq, işimiz komandamızı oyuna maksimum hazır vəziyyətə gətirmək və ən yüksək nəticəni əldə etməkdir.