"Neftçi" Rusiya "Zenit"ini rusiyalı legioneri Rezuan Mirzovun dubluyla məğlub etdi. Təcrübəli sol cinah yarımmüdafiəçisi "Neftçi Arena"da 2:1 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşündən sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
- "Zenit"lə qarşılaşmadan hansı emosiyayla ayrıldın?
- Emosiyalar yalnız pozitivdi. Çünki güclü rəqib üzərində qələbə qazandıq. Yaxşı komandayla yaxşı oynadıq, yaxşı sınaq oldu. "Zenit"i məğlub etmək həmişə xoşdu.
- Bu komandaya Rusiyada "Arsenal"da çıxış edəndə 2 qol vurmuşdun. Onu da nəzərə alsaq ki, "Zenit"ə qarşı müxtəlif klubların heyətində dəfələrlə oynamışdın, əlavə motivasiyan vardı?
- Elə bir xüsusi motivasiyam yox idi. Lakin "Zenit"ə qarşı oynamaq, qol vurmaq həmişə xoşdu, Üstəkik, qalib gəlirsənsə, bu, dəyərli bir şeydi. Buna görə qələbə qazanmağımız yaxşı oldu. İndi növbəti rəsmi oyunumuza hazırlaşacağıq.
- "Zenit"i yaxşı tanıdığını nəzərə alsaq, komandadan sənə matçadək rəqib haqda əlavə suallar verilirdi?
- Bu, yalnız oyunöncəsi mətbuat konfransında oldu ki, rəqibin hansı güclü-zəif tərəfləri var.
- Yeri gəlmişkən, həmin konfransda qol vuracağını söz vermişdin, 2 qol vurdun...
- Qol söz vermişdim, sözümü tutdum (gülür).
- Bəlkə hər matçdan əvvəl azarkeşlərə belə qol söz verəsən, sonda da bombardir olasan?
- Sonra deyəcəklər ki, bax, söz vermişdi, əməl etmədi. Axı, hər dəfə də alınmır qol vurmaq.
- Maraqlıdı, "Zenit"in futbolçuları matçda sonra səninlə oyunla, qollarınla bağlı söhbətləşdilər?
- Bəli. "Zenit"də qalan, əvvəldən tanıdığım futbolçularla söhbətləşdim. Baş məşqçiylə bir az danışdım. Onlara uğurlar arzuladım. Prinsipcə, kimi tanıyırdım, 2-3 nəfər idilər, hamıyla ünsiyyət qurdum.
- Görürük ki, hər matçdan matça artırırsan. Bu temp davam edəcək?
- Ümid edirəm ki, hər dəfə artıracam. Çünki bunadək çox zaman buraxdım. Hər oyundan oyuna özümə gəlirəm. Hesab edirəm ki, növbəti dəfə daha yaxşı olacaq.
- Bu gün həm də komanda olaraq yaxşı oynadınız. Premyer Liqada isə bunu görmürük. Niyə belə olur? Bəlkə məsələ motivasiyadadı?
- Ümid edirəm ki, növbəti matçda bu oyunu göstərəcəyik.
MEHMAN SÜLEYMANOV