"Sona iki tur qalmış gərginlik pik həddədir. Komanda olaraq bu cür oyunlarda toparlanmağı bacarmışıq. "Sabah"la çempionluq şanslarımızı bərabər dəyərləndirirəm. Hər şey öz əlimizdədir". Bu sözləri Sport24.az-a açıqlamasında"Neftçi-2"nin baş məşqçisi Rəşad Abdullayev deyib.

Paytaxt klubunun ikinci komandasının çalışdırıcısı çempionatın gərgin keçməsinin gənc futbolçuların inkişafına fayda verəcəyini də bildirib:


"Çalışacağıq hər iki oyuna yüksək əzmlə çıxıb xarakter göstərək. "Neftçi"nin gələcək vəd edən oyunçuları həmişə olub və əsas komandanın heyətində onları daim görmüşük. Biz daha çox bunun üçün çalışırıq. Ötən mövsüm də çempionatda yüksək idi. Oyunlar gərgin keçəndə çempionatda intriqa da olur. Bu da gənc futbolçuların inkişafına təkan verir". 

Qeyd edək ki, Əvəzedicilər Liqasında sona iki tur qalmış həm "Neftci-2"nin, həm də "Sabah-2"nin aktivində 67 xal var.