"Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Zenit"lə yoldaşlıq görüşündən (2:1) sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. "Neftçi Arena"dakı matçda kapitan sarğısını daşımış 30 yaşlı yarımmüdafiəçi bir çox mətləblərdən söz açıb.

- "Zenit"ə qarşı iki dəfə oynadın və nəticələr fərqli oldu - səfərdə 1:3, evdə 2:1. Oyun baxımında bu gün hansı dəyişikliklər göründü?
- Hər iki oyun fərqli oldu. Bir həftədir bu matç üçün hazırlaşırıq. İnşallah belə davam etsək, nəticələr də yaxşı olar.
- Mətbuat konfransında rumıniyalı baş məşqçiniz Adrian Mutu qeyd etdi ki, bilmirəm komanda çempionatda niyə belə yaxşı oynaya bilmir. Sizcə, buna səbəb nədi? Motivasiya üçün "Zenit" kimi rəqib lazımdı?
- Çempionatda xallar itirdik ki, bu da komandanı aşağı doğru aparır. Futbolçuların özünə gəlməsi asan deyil. Hər bir futbolçu anlamalıdır ki, bu vəziyyətə düşmüşüksə, birlikdə də çıxmalıyıq. Bizə qələbələr lazımdı, bunun üçün də oyunçular hər oyuna eyni hazırlaşmalıyıq və rəqiblərə yuxarıdan aşağı baxmaq lazım deyil. İnanıram ki, bu vəziyyətdən çıxacağıq. Məşqçiyə, komandaya, hər kəsə güvənirəm.
- "Zenit"ə qarşı kapitan kimi çıxdın. Bu, sənin üçün nə dərəcədə motivasiya idi?
- Belə məsuliyyətili işi mənə tapşırıblarsa, buna görə çox sevinirəm. Əsas kapitan Emin Mahmudovdu, ikinci Eddi İsrafilov, üçüncü isə mənəm. Komandanı meydana kapitan kimi çıxarmaq qürurdu. Önəmli olan kapitanlıq deyil, nəticədi.
- Qolları rusiyalı futbolçunuz vurdu. Bunu maraqlı bir təsadüf adlandırmaq olar, yoxsa...?
- Təsadüf deməzdim. Mirzov talantı olan yaxşı futbolçudu. Təsadüf olsaydı, bir qol vurardı. Çempionatda da belə qollar gözləyirik.
- Psixoloji baxımdan yoldaşlıq görüşlərinə hazırlaşmaq asandı, yoxsa çətin?
- Belə oyunlarda həyəcan olmur. "Zenit"in necə komanda olduğunu bilirik. Bizi çətin oyunun gözlədiyini bildirdik, Lakin bununla belə, qələbə qazandıq. Bu, sevindirici haldı. "Araz-Naxçıvan"la oyuna motivasiya oldu.
- "Neftçi"də komanda yoldaşın olmuş Ruslan Abışovun vida matçı oldu...
- Ruslanın futbolçu kimi keçirdiyi hissləri təsəvvür edə bilirəm. Çünki asan deyil. Bütün ömrünü futbola verəsən, sonra da karyeranı yekunlaşdırasan. Bu, çətin bir şeydi. Özümdə təsəvvür edə bilmirəm və etmək də istəmirəm. Təbii ki, mən də Ruslan kimi "Neftçi" ilə vida oyunu keçirmək istərdim.
- Mutu maçtdan əvvəl bildirmişdi ki, bu oyunun əsas məqsədi "Araz-Naxçıvan"la oyununa hazırlaşmaqdı. Bu işin öhdəsindən nə dərcədə gələ bildiniz?
- Az müddətdə hazırlığı tam yekunlaşdırmaq olmaz. Amma yenə də "Araz-Naxçıvan"la oyunqabağı yaxşı hazırlıq oldu. Komanda ən azından özgüvən qazandı. "Zenit" böyük klubdu. İnşallah, növbəti oyuna daha yaxşı hazırlaşacağıq.
- Bu qələbənin "Neftçi"nin yüksəlişində təkan ola bilər?
- Əlbəttə. Peşəkar komandayıq. Hər şeyi başa düşürük. Bir oyun uduza bilərsən, amma bu o demək deyil ki, hər şey bitib. Toparlanmaq lazımdı.
 

 

MEHMAN SÜLEYMANOV