AFFA-nın layihəsi olan Region Liqasında komanda sayı dəqiqləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasını çıxmaq şərtilə iştirakçı sayı 27 olacaq.

Komandalar yenə də həmin zonalar üzrə yarışacaq. Ən çox iştirakçı Paytaxt və Şimal zonasındadı - 9. Bunlar Qusarın eyniadlı və "Şirvanovka", Quba "Şahdağı"ı, "Cəbrayıl", Bakının "İrəvan", "Dirçəliş", "Mübariz", "İsgəndər Cavadov BFA" və "Davam" komandalarıdı. Mərkəz zonasında yer alanlar 5 komanda - "Mil" (Beyləqan), "Ağsu Siti", "Füzuli", "Araz" (Saatlı) və "İmişli"di. Şimal-Qərb və Qərb zonasında 8 komanda çıxış edəcək ki, bunlar Gəncədən eyniadlı təmsilçisi ilə "Qoşqar UGİM-2", Mingəçevir "Energetik"i, "Ağstafa", Qazax "Göyəzən"i, Yevlax "Karvan"ı, "İsmayıllı" və "Şəki"di. Cənub zonasında isə 5 komanda çıxış edəcək - "Ərkivan" (Masallı), "Ümid" (Cəlilabad), "Astara", "Xan Lənkəran", və "Qobustan".

Göründüyü kimi, iştirakçılar sırasında son 2 mövsümün qalibi olmuş Sumqayıt "Uğur"du yoxdu. Onunla son finalda görüşmüuş Qusar "Şahdağ"ı da bu dəfə iştirakçılar sırasında yer almayıb. Ancaq bu rayonun digər təmsilçilərini çempionatda görəcəyik. Qobustan "Şıxlar"ı adını dəyişərək təmsil etdiyi rayonun adını daşıyacaq. "TST Astara"nın isə "Astara" olacağı gözlənilir.

Son olaraq keçirilən, sadəcə, koronavirus pandemiyasına görə başa çatdırılmayan 2019/20 mövsümündə 24 komanda qatılmışdı. Göründüyü kimi, say bu dəfə ondan çoxdu. Həmin mövsümdəki iştirakçılardan Bakı "Qardaşlar"ı, "Şamaxı", "Neftçala", "Oğuz" və Lənkəran "Alyans"ı indi yoxdu. Digər adını çəkdiyimiz 3 rayondan fərqli Lənkəranın təmsilçisi yenə olacaq. 

Debütantların sayı isə heç də az deyil - 10 komanda. Bunlar həmin "Xan Lənkəran"la yanaşı, "Gəncə", "Ağstafa", "Karvan", "İsmayıllı", "Dirçəliş", "Mübariz", İsgəndər Cavadov BFA", "Davam", millimizin sabiq futbolçusu Cavid Hüseynovun baş məşqçisi və prezidenti olduğu "Cəbrayıl"ıdı. Bir vaxtlar Premyer Liqamızın medalçısı, avrokubokların iştirakçısı olmuş Yevlax "Karvan"ı ilk dəfə Region Liqasında təmsil olunacaq. "Füzuli" isə 3 ilə yaxın fasilədən sonra bu yarışa qayıdıb. 

Xatırladaq ki, Regon Liqasında 2021/22 mövsümünün püşkatma mərasimi sabah saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək. Yeni çempionatın startı növbəti həftəsonuna planlaşdıırlır.