UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində əlavə vaxtda buraxılan ikinci qolla (Bakıdakı matçda meydan sahibləri 2:1 qalib gəlmişdi) 0:2 məğlub olan “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransı keçirib. Sport24.az-ın Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. 

- Danışmaq çox çətindir. Oyundan əvvəl planlaşdırdığımız şeyləri yerinə yetirə bilmədik. Yenidən qapımızdan iki asan qol buraxdıq. 

- Görünən budur ki, taktiki cəhətdən uduzmadınız. Bəs qələbə üçün nə çatmadı?
- Başımızı dik tutmalıyıq. Udanda da, uduzanda da buna birgə imza atırıq. Qol şanslarından yararlanmayanda məğlubiyyətə məhkumsan. Hesab 0:0 olarkən təkbətək qaçırdıq. Daha sonra 1:0 vaxtı da təkbətək qaçırıldı. Hər iki topu isə asanlıqla buraxdıq.

- Əsas vaxtda yalnız bir məcburi əvəzetmə. Səbəb nə idi?
- Biz oyunun əlavə 30 dəqiqəyə gedəcəyini planlaşdırmırdıq. Oyunçularımız var. Sadəcə, əksəriyyətin beynəlxalq təcrubəsi azdı. Təəssüf ki, Azər Salahlını erkən itirdik. Meydanda oyunun yükünü çəkə biləcək futbolçulara daha çox şans verdim. Bəli, “Rapid” təzyiq göstərirdi. Bu cür oyunlarda şansları boşa verirsənsə, növbəti mərhələyə layiq deyilsən.

- Hakimlik barədə danışmadınız. Lakin tribunadan gördüyümüz meydan sahiblərinin 12-ci oyunçusu baş hakim idi.
- Bu, mənim səlahiyyətimdə deyil. Hər kəs oyunu gördü, sizin analiziniz də öz yerində. Bəli, hakim oyunun ipini buraxmışdı. Dəfələrlə rəqibə sarı vərəqə göstərmədi. Lakin biz hakimliyə görə uduzmadıq.

 

CEYHUN ƏLİYEV,  Vyana